"OPEC+" ölkələri neft hasilatının sutkada 9,7 milyon barelə qədər azaldılmasından sonra 2020-ci ilin ikinci yarımilində bu həcmi 7,7 milyon barelə endirəcəklər.
"RİA Novosti” xəbər verir ki, bu barədə alyansın yeni razılaşmanın nəticələrinə dair kommünikesində deyilir.
2022-ci ilin aprel ayının sonlarına qədər iştirakçılar hasilatı sutkada 5,8 milyon barelədək azaldacaqlar. Hasilatın azaldılmasının baza göstəricisi, Rusiya və Səudiyyə Ərəbistanı istisna olmaqla, bütün ölkələr üçün 2018-ci ilin oktyabr ayı olacaq. Onlar üçün gün ərzində 11 milyon barel baza göstəricisi əsas götürüləcək.
Bundan başqa, qeyd edilir ki, "OPEC+" ölkələri 2021-ci ilin dekabr ayında yeni razılaşmanın müddətinin uzadılmasının mümkünlüyünü nəzərdən keçirəcəklər.
"OPEC+"ın qərarına Azərbaycan da öz dəstəyini ifadə edib. Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib: "Bugünkü görüş və "OPEC+"ın qəti mövqeyi hasilatın azaldılması ilə bağlı qərarın icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı. Hasilata müdaxilələrlə neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və bu dəstək neft bazarının sabitləşdirilməsinə töhfə verəcək. Həmçinin bu qərar "OPEC+" formatından kənarda ölkələrin də hasilatı azaltmalarına təşviq edəcək”.
Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.
