Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət olunan kütləvi dava zamanı azı 10 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar olaraq 20 nəfər saxlanılıb.
İnsident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində baş verib.
"Kafedəki silahlı insidentdən sonra, rayon içində də atışma oldu. Azərbaycanlılar onları maşınlarla təqib edərək atəş açırdılar", - deyən hadisə şahidi Nəsimi Məmmədəliyev "Neolit" kafesinin dağıdıldığını və azərbaycanlıların əmlaklarına ciddi ziyan dəydiyini bildirib.
Şahidlərin məlumatına görə, restoran sahibi Yaşar Əliyev də kürəyindən yaralanıb. Yerli sakinlər təqribən 50 atəş səsi eşidiblər.
Moskva polisi paytaxtın cənub-şərqində kütləvi dava ilə bağlı araşdırmalara başlayıb.
Kuryanov mikrorayonu ərazisində yerləşən "Neolit" kafesinə hücum edən 100-ə yaxın şəxsdən artıq 20-si saxlanılıb. İnsident zamanı ən azı bir nəfər öldürülüb.
Dava baş verən ərazidə güllə gilizləri tapılıb. Bu informasiyanı ətrafda yaşayan qonşular təsdiq edib.
Hadisə şahidi Andrey Andreyev bildirib ki, atışma səsləri eşidilirdi: "Evin arxasında güllələnmə oldu. Sonra 30-dan çox insan ərazidən qaçmağa başladı. Deyəsən avtomatla güllələyirdilər".
Atışmadan sonra polis gücləndirilmiş iş rejiminə keçib. Kuryanov mikrorayonunda giriş və çıxış nəzarətdə saxlanılır.
Qeyd edək ki, ötən gün Alixan adlı şəxsin azərbaycanlılar tərəfindən döyülərək cəzalandırdığını əks etdirən görüntülər yayılıb. Bu hadisədən sonra çeçenlər Alixanı döyən azərbaycanlıların axtarışına başlayıb.




