Mərkəzi Bank dolların "acığına” deyil, pul bazarındakı mövcud və strateji dəyişikliklərə uyğun məzənnə müəyyənləşdirməlidir.
Bizimyol.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı dolların dünya bazarında bahalaşdığı zamanda Azərbaycanda ucuzlaşmasına diqqət çəkib: "Son 2 həftədə avroya nisbətən 5 faizə yaxın, yalnız bu gün isə 1 faizdən çox bahalaşan ABŞ dolları Azərbaycan Mərkəzi Bankının "təzyiqinə” davam gətirə bilməyərək son günlər manata nisbətən ucuzlaşmaqdadır. Əgər may ayının əvvəlində 100 avro almaq üçün 116 dollara yaxın vəsait ödəmək lazım idisə, indi hətta 112 dollardan az pul tələb olunur. Çox maraqlı mənzərədir: dünya bazarında dollar bahalaşanda bizdə ucuzlaşır və əksinə ABŞ valyutası qlobal arenada dəyər itirəndə Azərbaycanda güclənir”.
Onun sözlərinə görə, Mərkəzi Bankın siyasəti milli valyutamızın gələcək məzənnəsi üçün risklər yaradır: "Hətta neftin dünya bazar qiymətindəki azalmalar da manata təsir göstərə bilməyib. Maraqlıdır ki, FED-in açıqlamasından sonra bu gün ABŞ dolları bütün aparıcı valyutalara nisbətən dəyər qazandı və sadəcə Bakıda "axsadı”. Baş bankın dünya bazarı və hətta özünün bivalyuta səbətindəki valyutaların məzənnəsinə uyğunlaşdırılmayan və koordinasiya edilməyən monetar siyasəti milli valyutamızın gələcək məzənnəsi üçün risklər yaradır”.
"Mərkəzi bank dolların "acığına” deyil, pul bazarındakı mövcud və strateji dəyişikliklərə uyğun məzənnə müəyyənləşdirməlidir. Əks halda, Mərkəzi Bankın sürprizləri ilə tez-tez rastlaşmalı olacayıq”,-deyə ekspert əlavə edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında baş verən devalvasiyadan sonra dolların rəsmi məzənnəsi ilk dəfə olaraq 1,50 manat səviyyəsindən aşağı enib.
Bu günə olan USD/AZN rəsmi məzənnəsi 1,4987 səviyyəsində müəyyənləşib. Ötən iki gün ərzində dollar 1,5017 manata bərabər olub.
