Bank VTB (Azərbaycan)-ın İpoteka kreditləşməsi qrupunun rəhbəriAydın Umudovun Banco.az-a verdiyi müsahibəsini təqdim edirik.

  • Bank VTB (Azərbaycan) yeni ipoteka kreditləşməsi proqramına start verib. Zəhmət olmasa bu proqram haqqında qısa şərh verərdiz.

Hazırda istər ilkin, istərsə də təkrar bazarda təklif olunan mənzillərin qiyməti heç də hər kəs üçün münasib deyil. Məhz buna görə, ipoteka kreditləşməsi illərdir ki, aktuallığını itirməyən məhsullardan biridir. Orta statistik vətəndaş üçün bu, əlverişli bir məhsuldur.

Buna baxmayaraq hazırda bazarda öz daxili resursları hesabına ipoteka kreditləşməsi aparan bankların sayı həddən artıq azdır. Biz dəBank VTB (Azərbaycan) olaraq çıxarışlı evlərin kreditləşməsinə başlamağa qərar verdik və əlverişli şərtlərimizlə bazardakı mövqeyimizi qorumaq fikrindəyik. Həmçinin qeyd etmək istərdim ki, yaxın gələcəkdə çıxarışsız evlərin də kreditləşməsi nəzərdə tutulur.

İpoteka kreditinin məbləği 10 000-275 000 AZN , müddəti isə 6-300 ay arasında dəyişir.

  • Müştərilər tərəfindən bu ipoteka kreditlərinə maraq nə dərəcədədir?

Hazırda İpoteka və kredit zəmanət fondu xətti ilə ayrılan kreditlər üzrə limit məhdudhəddədir və müştərilər növbəyə düşməkdə çətinlik çəkir. Bundan irəli gələrək, mənzil almaq istəyən vətəndaşlar kommersiya banklarının təklif etdiyi kreditləşmə ilə maraqlanır. Yeni ipoteka krediti məhsuluna start verdiyimizdənqısa bir müddət keçməsinə baxmayaraq maraq gözləniləndən daha yüksəkdir.

  • İnsanlar əsasən hansı məbləğlərdə ipoteka krediti götürürlər?

Bu məbləğ bir neçə amildən asılıdır. Əlbəttə ki, burada borcalanın maddi vəziyyəti – gəliri, ailə üzvlərinin sayı, digər kreditlər üzrə yüklülüyü nəzərə alınır. Bütün bunlara bankla yanaşı insanlar özləri də diqqət yetirir. Başqa sözlə, kreditin məbləği insanların gəlirindən asılı olaraq dəyişir. Orta hesabla ipoteka kreditləri üzrə məbləğ 70 000 - 120 000 aralığında dəyişir.

  • Ümumiyyətlə Bank yaxın illər ərzində nə qədər məbləğdə ipoteka krediti verməyi düşünür?

Bankımız daxili ipoteka kreditləşməsilə yanaşı İpoteka və kredit zəmanət fondu hesabına da kredit ayırır. Bu kreditləşmə fondun bank üçün ayırdığı müəyyən limit çərçivəsində həyata keçirilir və ayrılan limiti tam şəkildə istifadə edilir.

Daxili ipotekaya gəldikdə isə kreditin həcmi müştərilərin bu məhsula olan tələbatından asılı olacaq.Ümumilikdə, İpoteka kreditlərinə əhalinin marağı kifayət qədər yüksəkdir.

  • Müştəriləri Bank VTB (Azərbaycan)- ın ipoteka məhsuluna cəlb edən xüsusiyyətlər hansılardır?

Bank VTB (Azərbaycan) hər hansı məhsulu bazara çıxardıqda əhalinin maraqlarına əsaslanır. Məhsulun şərtlərinin müştərilər üçün əlverişli olmağı önəmlidir. Bu baxımdan ipoteka kreditini də sərfəli şərtlərlə təqdim edirik.

Bura müddətin dövlət ipotekası kimi 300 aya qədər, kreditin maksimal məbləğinin 275 000 AZN olması aiddir. Üstünlüklərdən biri də ilkin ödənişin evin dəyərinin 40 % -dən artıq olduğu halda müştərinin gəlirinin nəzərə alınmamasıdır.

  • Hansı müştərilər Bankın təqdim etdiyi ipoteka kreditindən faydalana bilər. Kriteriyalar hansılardır?

Bank VTB (Azərbaycan)-ın ipoteka krediti Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında çalışan xarici vətəndaşlara (kredit müddəti xarici vətəndaşın burda qalıb və işləmə müddətinə uyğun olduğu halda) verilir. Rəsmi gəliri olan hər bir şəxs kredit üçün banka müraciət edə bilər.

  • Kredit götürən şəxsin hansı gəlirləri nəzərə alınır?

Təbii ki, rəsmi gəliri olan şəxslər ipoteka krediti üçün müraciət edə bilələrr. Belə ki, bankı müştərinin əmək haqqı kartı hesabındakı və ya müştəri fərdi sahibkarlıqla məşğuldursa, onun rəsmi gəliri maraqlandırır.

  • İpoteka krediti almaq üçün borcalan hansı mərhələləri keçməlidir? Və hansı sənədlər tələb olunur?

İlkin olaraq gəlirlərini təsdiq edən sənədlər - iş yerindən arayış, əmək haqqı hesabından çıxarış, əmək kitabçası , xidməti müqavilə əsasında işlədikdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və xidməti müqavilə, fərdi sahibkarlarda isə VÖEN və Vergi bəyannaməsi tələb olunur. Bununla yanaşı, müştərinin şəxsiyyət vəsiqəsi, evli olduğu halda nikah şəhadətnaməsi, ailə tərkibi haqda arayış və s. sənədlər də banka təqdim olunmalıdır.

  • Maksimal məbləğ 275 min manat təşkil edir. Hansı hallarda və kimlər maksimal məbləğdən yararlana bilir?

Qeyd etdiyim kimi, ayrılan kreditin məbləği müştərinin gəlirindən asılıdır. Rəsmi gəlirləri üzrə aylıq ödənişi həyata keçirməyə imkan verən və ilkin ödənişin evin dəyərinin 40 % - dən artıq edən hər bir şəxs bu məbləğdə kredit əldə edə bilər.

  • Təmir işləri hələ də davam etdirilən evlər ipotekaya götürülə bilərmi? Götürülə bilərsə əlavə şərtlər tətbiq olunurmu?

Bəli, təmir işlərinin aparılması kreditin verilməsinə mane ola bilməz. Əsas şərt isəalınan mənzilin çıxarışının olmasıdır.

  • Mövcud krediti olan insan təkrar kredit götürə bilərmi? Yəni aktiv kredit ödəyəndir, bu vəziyyəti ipoteka ödəməsi üçün maneə yaradırmı?

Bununla bağlı məhdudiyyət yoxdur. Burada məsələ yenə də müştərinin ödəniş qabiliyyətinə bağlıdır. Əgər vətəndaşı ngəliri onun aktiv kreditləri (həmçinin zamin) olduğu halda yeni ipoteka krediti götürməyə imkan verirsə və bu, onun aylıq ödənişlərinə, eləcə də yaşayış xərclərinə mənfi təsir göstərməyəcəksə, o zaman müştərinin ipoteka ilə yeni mənzilə sahib olmasına heç bir maneə yoxdur.

  • İpoteka ilə alınan əmlakın qiymətləndirilməsi necə aparılır?

Qiymətləndirmə iki mərhələdə: müstəqil qiymətləndirmə şirkətləri və bankın mütəxəssisləri tərəfindən aparılır. Müstəqil qiymətləndirmə şirkəti bankın tərəfdaş şirkətlərindən biri olmalıdır. Qiymətləndirmə şirkəti rəy bildirdikdən sonrabankın mütəxəssisləri növbəti qiymətləndirməni həyata keçirir. Bu proses mənzilin bazar dəyərini düzgün müəyyən etmək üçün tələb olunur.

  • Kredit yalnız çıxarışolan evlərə verilirmi yoxsa yeni tikililərdə müqavilə əsasında alınan evləri də ipoteka ilə almaq mümkündürmü?

Qeyd etdiyim kimi, bankımız hazırda çıxarışı olan evləri kreditləşdirir. Bura müştəri tərəfindən seçilən istənilən çıxarışlı mənzillər daxildir. Bu məhsul üzrə faiz dərəcəsi ilkin ödəniş və kredit məbləğindən asılı olaraq 12-14 % arasında dəyişir.

Yaxın gələcəkdə isə yeni layihəmizə başlayacayıq, yəni çıxarışı olmayan mənzilləri də, artıq kreditləşdirə biləcəyik.Bura bankın tərəfdaş şirkətlərinin inşa etdiyi binalardakı mənzillər aiddir. Yəni bankımızla əməkdaşlıq edən tikinti şirkətlərinin təklif etdiyi mənzillərin çıxarışı olmadığı halda belə bank müştəriyə ipoteka krediti verməyə hazırdır. Bu mənzillər üçün ipoteka üzrə faiz dərəcəsi ilkin ödəniş və kredit məbləğindən asılı olaraq 13-15 % arasında dəyişəcək.

  • Hazırki şərtlərə görə ilkin ödəniş tələb olunur. Gələcəkdə ilkin ödəniş edilmədən ipoteka kreditlərinin götürülməsi mümkün ola bilərmi?

Burada iki məsələyə diqqət yetirmək lazımdır. Birincisi, bildiyiniz kimi, ipoteka uzun müddətli bir məhsuldur və belə olan halda banklar ilkin ödəniş tələb edərək bir qədər özlərini sığortalamış olur. İkincisi, müştərinin məsuliyyətidir. Əgər müştəri normal gəliri olduğu halda mənzil üçün minimal məbləğ toplamaqda çətinlik çəkibsə, onun aylıq ödəniş zamanı da problemlərlə üzləşəcəyi istisna olunmur. Özü də ilkin ödənişə olan minimal tələb alınan mənzilin 20% təşkil edir, bu da gəliri olan və mənzil almağı planlaşdıran şəxs üçün elə də böyük məbləğ olmamalıdır.

Təbii ki, vətandaşın maddi durumu və ipoteka kreditlərinə olan tələbat nəzərə alınaraq ilkin ödənişə olan tələb gələcəkdə dəyişə bilər. Amma ilkin ödənişin tamamilə ləğv olunması planlaşdırılmır.

  • Yeni ipoteka proqramımın həyata keçirilməsindən gözləntilər nələrdir?

Gözləntilərimiz evə ehtiyacı olan təbəqəyə kömək edərək, sağlam ipoteka portfelini kifayət qədər artırmaqdır.

.