Rusiya prezidenti Vladimir Putin Fransa və Rusiya təyyarəsinə qarşı terror hücumlarına görə, məsuliyyəti olan şəxslərin tapılması və cəzalandırılması məsələsində Fransa prezidenti ilә həmfikir olduqlarını açıqlayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Putin Rusiyaya səfər edən Fransa prezidenti Fransua Ollandla görüşdə terrorizmə qarşı mübarizə məsələsinin prioritet mövzu olduğunu çatdırıb.

Putin bəzi ölkələrin terrorçularla əməkdaşlıq etdiyini xatırladaraq, maraqları uğrunda terrorçulardan istifadə etmək səylərinin onların özlərinə qayıdacağını vurğulayıb. Rusiya prezidenti Rusiya və Fransanın terrorla mübarizə sahəsində birgə əməkdaşlığı gücləndirmək və məlumat mübadiləsini artırmaq məsələsində razılaşdıqlarını söyləyib.

"Suriyada quru əməliyyatları olmadan terrorizmlə mübarizə edilə bilməz. Əsəd ordusundan savayı, Suriyada bunu edə biləcək qüvvə yoxdur və bu səbəbdən Əsəd terrorla mübarizədə təbii müttəfiq mövqeyindədir", - deyə Putin bildirib.

Putin Suriyada yerləşdirilən S-400 hava müdafiə sistemlərinin yalnız Rusiya döyüş təyyarələrini qoruyacağını bildirib.

Türkiyə rəhbərliyinin Suriyadakı terrorçulardan qeyri-qanuni yollarla Türkiyəyə neft ixrac olunduğunu bilmədiyinə inanmaq üçün çətinlik çəkdiyini deyən Putin, "Əgər bilmirlərsə, indi bilsinlər" mesajını göndərib.

"Terrora qarşı ikili standartlar tətbiq edənlər İŞİD-lə iqtisadi əlaqələr quranlar odla oynayır", - deyə Putin bildirib.
.