"Dədə Qorqud” filmindəki Tural obrazını xatırlamayan tapılmaz. Həmin rolun ifaçısı Fərhad Yusifov 1956-cı ildə Moskvada dünyaya gəlib. Bakıda böyümüş Fərhad Yusifov hazırda Kanadanın Kvebek əyalətində, Monreal şəhərində yaşayır və Mark Jozef adını qəbul edib.
Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinomotoqrafiya institutunun "bədii filmin rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - "Nizami”, "Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb.
Onun xüsusilə "Tacikfilm”in istehsalı olan "Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib.
Kanadada tammetrajlı "Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. "RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb.
Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb. Bu silsilədən olan, Peruda çəkilmiş birinci film "Salado" 2015-ci ildə "Avropaya Pəncərə" Rusiya kinosu festivalı müsabiqəsində yüksək mükafata layiq görülüb.
Hazırda "Yuxuların Səbətləri" silsiləsindən olan növbəti filmlər üzərində işləyən Fərhad Yusifov – Mark Jozef həmçinin bu bədii filmin ssenarisini yazır, onun həmmüəllifi kimi çalışır.
Uzunmüddətli axtarışlarımızdan sonra Fərhad Yusifovun belə demək mümkündürsə izinə düşə bildik. Onun dostu, bir zamanlar sinif yoldaşı olmuş Rasim Rəhimovu tapdıq və həmsöhbət olduq:
- Bülbül adına Musiqi Məktəbində birinci sinifdən Fərhadla birlikdə oxumuşuq. Daha sonra mən İncəsənət İnstitutuna daxil oldum. Fərhad isə Moskvada təhsilini davam etdirdi. Fərhadın cavan vaxtlarından kinoya marağı çox idi. Ona görə də, karyerasını kino istiqamətində davam etdirdi.
"Dədə Qorqud” filminə çəkilməsi Fərhad üçün böyük bir uğur idi. Onun canlandırdığı Tural obrazı tamaşaçılar tərəfindən sevildi. Fərhad gəncliyində də çox yaraşıqlı idi. Hamı onun simasını bəyənirdi. Hələ o vaxtlar Fərhadı Avropa aktyorları ilə müqayisə edirdilər. Ona "Bakinski Alon-Delon” deyirdilər.
Bizim hazırda 60 yaşımız var. Çox şeyləri yaxşı xatırlamırıq. Fərhad heç vaxt özündən razılıq etmirdi. Sadə bir oğlan idi. Biz Fərhadın Kanadaya getməsini bilmirdik. Elə bilirdik ki, İtaliyaya kino çəkilişlərinə gedib. Aradan 25 ildən çox vaxt keçmişdi. Fərhadla bütün əlaqlərimiz kəsilmişdi. Biz onu "öldü” bilirdik. Amma qəfildən həyatda olduğunu, Kanadaya köçdüyünü öyrəndik. İnternet vasitəsilə onu tapdıq. İndi tez-tez əlaqə saxlayırıq.
Onun Bakıdan getmə səbəblərini bilmirik. Bəlkə maddi çətinlik, bəlkə də diqqətsizlik, işsizlik onu bu addıma vadar edib. Amma hələ o vaxtlar da həyata baxış tərzi fərqli idi. Fərhad heç dəyişməyib. Bircə uzun saçları indi yoxdur, qırxdırıb. Başının arxasında isə bir topa uzun saç saxlayıb. Deyir, qoy, baxanlar bilsinlər ki, nə vaxtsa mənim də uzun saçlarım olub.
Fərhad bütün pulunu həmin filmlərə xərcləyir. Maddi problemləri var. Azərbaycana gəlmək üçün müəyyən qədər vəsait lazımdır.
Nəhayət, 25 ildən artıqdır ki, Azərbaycandan gedən, amma kinolarda oynadığı obrazlarla milyonlarla tamaşaçının yaddaşında qalmağı bacaran Fərhad Yusifovla da həmsöhbət olduq. O, AzVision.az-a açıqlamasında Azərbaycan üçün çox darıxdığını dedi:
- Bakı üçün çox darıxıram. Eşitmişəm, Bakı çox dəyişib, gözəlləşib. Xəzər dənizini, Azərbaycanı görmək istəyirəm. Həmişə gənclik illərimiz, Bakı küçələri gözümün önünə gəlir. İnternetdə tez-tez Bakının şəkillərinə, videolarına baxıram. Azərbaycan çox gözəlləşib. Çəkildiyim kinolar heç yaddaşımdan çıxmır. Azərbaycanın uğurlarını eşidəndə sevinirəm. Sağ olsun bəzi dostlarım da, məni unutmayıblar.
Bura gələn ilk günlərdə heç kəs mənə "Fərhad” deyə bilmirdi. Nə qədər öyrətsəm də, bu sözü tələffüz edə bilmirdilər. Ona görə də fikirləşdim ki, Fərhadı "Mark”la əvəz edim. İndi hamı məni Mark Jozef kimi tanıyır.
Artıq illərdir ki, Kanadada yaşayıram. Buradakı həyat tərzinə öyrəşmişəm. Burada insanlar yalnız öz işlərilə maraqlanırlar. Hamı istirahət etmək üçün səbirsizliklə weekend-ləri gözləyir. Siyasətlə maraqlanmırlar.
Mən də çalışıram. Kinolar çəkirik. Peruda film çəkmişəm. Bir neçə dəfə mükafata layiq görülmüşük. Filmin təqdimatına hazırlaşıram. Çox istəyərəm ki, Azərbaycanla bağlı da film çəkim. Məni sevənlərə, unutmayanlara salam deyirəm. İşlərimi yekunlaşdıran kimi, yəqin kimi 2017-ci ildə sizinlə Bakıda görüşəcəyəm.
Daha sonra bizə məlum oldu ki, aktyor hələ də ailə həyatı qurmayıb. (azvision.az)