"CDB Bank" ilə birləşən "AtaBank"ın rəhbərliyi əmanətçilərin problemlərlə üzləşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"APA-Economics"in məlumatına görə, bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev bugünkü mətbuat konfransında bildirib ki, bu cür problemlər çox az sayda olub: "Bilirsiniz ki, bir müddət öncə bazarda valyuta qıtlığı yaranmışdı. Əmanətçilərin üzləşdiyi problemlər bundan qaynaqlanır. Bir şeyi qeyd edim ki, bu cür problemlə 1-2 əmanətçi üzləşib. Biz onlara depozitlərini milli valyutada qaytarmağı təklif etdik, lakin onlar razılıq vermədi".
Sədr əlavə edib ki, hazırda problem tam həllini tapıb. "Tam əminliklə deyə bilərəm ki, problem tamamilə həll olunub", - deyə o bildirib.
Qeyd edək ki, hüquqşünas Əkrəm Həsənov müvafiq sənədlərə, o cümlədən məhkəmə qərarlarına istinadən bildirib ki, "AtaBank" artıq 1 ilə yaxındır vətəndaşların əmanətlərini qaytarmır: "Hətta bir xarici vətəndaş 1 mln. dollarını da ala bilmir. Həmin vətəndaş bankı məhkəmədə də udub və hətta fevralın 27-də Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib ki, bu bank müflis elan olunsun".
Hüquqşünas onu da qeyd edib ki, "CDB Bank" da öhdəliklərini icra etmir: "Məsələn, bir xarici vətəndaşın 120 000 avrosunu ödəmir, özü də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ola-ola".
Ə.Həsənov bununla bağlı Palataya müraciət də edib və müraciətin sürətini sosial şəbəkələrdə paylaşıb.
.
