Qırğızıstanda prezidentliyə namizəd olmaq üçün 25 nəfər ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
"İnterfaks” agentliyi xəbər verir ki, bu haqda MSK-nın nümayəndəsi bildirib.
Onlardan 21-nin namizədliyi vətəndaş qrupları, 4-nün namizədliyi isə siyasi partiyalar tərəfindən irəli sürülüb.
Namizədlər avqustun 26-dan gec olmadan 30 min imza toplayaraq MSK-ya təqdim etməli, 1 milyon somu (ölkənin milli pul vahidi – təxminən 15 min dollar) MSK-nın bank hesabında girov qoymalı, həmçinin dövlət dili imtahanından keçməlidir.
Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-nə təyin edilib. Namizədlərin qeydiyyatı isə iyunun 15-dən başlanıb.
Qırğızıstanın konstitusiyasına 2016-cı ilin dekabrında edilmiş dəyişikliklərə əsasən, ölkə prezidenti altı il müddətə seçilir. Bir insan yalnız bir dəfə ölkənin ali dövlət postunu tuta bilər.
.
