COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.
Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi” imzalanıb.
Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. Şəfəq GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.
Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpa olunan enerjidən istifadə ediləcək və bp-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcəkdir.
Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcəkdir.
Şəfəq Günəş Elektrik Stansiyasının səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla, layihəyə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur.
.