Hər il direktor, direktor müavini və müəllimlərin aldıqları əlavələrin yarım milyard manatdan çox olması planlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.
O bildirib ki, ilkin mərhələdə ibtidai sinif müəllimlərinin 98 faizi sertifikasiyada iştirak edib. "Onların 78 faizi sertifikasiyanın ilk mərhələsində uğur qazanıb. Sertifikasiyada iştirak edən bəzi müəllimlər yaşla bağlı prosesə qatılmayıblar. 8577 müəllim sertifikasiyanın birinci mərhələsindən uğurla keçib, 2367 müəllimin isə təkmilləşdirməyə ehtiyacı var. Müsahibə mərhələsindən də uğurla keçsələr, 5599 müəllim 10 faiz, 2978 müəllim 35 faiz əlavə alacaq".
Dörd rayon üzrə müəllimlər sertifikasiyada aşağı nəticə göstərib
Daşkəsən, Samux, Goranboy və Göygöl üzrə sertifikasiyada iştirak edən müəllimlər daha aşağı nəticə göstərib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.
O bildirib ki, həmin rayonlar IX sinif buraxılışlarında da ən zəif nəticə göstərən bölgələrdir: "Biz burda bir-birimizi günahlandırmamalıyıq. Dəyişikliyin kökü burdadır".
Sertifikasiyanın II mərhələsində uğur qazanmayan müəllimlərin əmək müqaviləsinə xitam veriləcək
Yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq müsahibə komissiyaları yaradılıb: "Müsahibə bəzi müəllimlərlə ənənəvi, bəziləri ilə isə onlayn formada aparılacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsinlər".
Nazir imtahanda bəzi müəllimlərin sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bu, hələ ilkin nəticələrdir, niyə baş verməsi araşdırılmalıdır: "Yəqin ki, müxtəlif səbəblər var. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırıla biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlərin üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyəcanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir".
.