Bu günə qədər müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi üzrə 208 nəfər müəllim qarşılıqlı razılığa gələrək iş yerini dəyişmək üçün müraciətini təsdiq edib.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, yaxın günlərdə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar namizədlərin şəxsi kabinetinə göndəriləcək.

Qeyd edək ki, 15 aprel tarixində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək üçün ümumilikdə 2000-dən artıq müəllim elektron qeydiyyatdan keçib. Müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında, iş yerini qarşılıqlı razılaşdırma yolu ilə dəyişdirmək imkanı verir. Sistemin rahatlığı və funksionallığı ondan ibarətdir ki, qeydiyyatdan keçən namizədlər öz fənn və bölmələrinə uyğun olaraq ölkə üzrə bütün aktiv elanları görə, onlardan istəklərinə uyğun olanı seçərək qarşılıqlı yerdəyişmə etmək imkanına sahib ola bilərlər.

.