20 min əcnəbi Rusiyadan çıxarılacaq.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qeyri-qanuni miqrasiyanın təşkili ilə bağlı “Qanunsuz 2024” əməliyyatı keçirilib.

Əməliyyat çərçivəsində 4 min cinayət işinin açıldığı bildirilib.

Qeyd edək edək ki, Rusiya miqrasiya ilə bağlı qanunvericiliyini sərtləşdirir. Bu ilin martında Moskvadakı “Crocus” konsert mərkəzində Orta Asiyadan olan miqrantların yüzdən çox insanın ölümü ilə nəticələnən terror aktı törətməsi, daha sonra Rostov və Volqoqradda istintaq təcridxanalarında yenə Orta Asiyadan olan radikal islamçı miqrantların qiyam qaldırması, “İŞİD” bayrağı altında həbsxana işçilərini girov götürərək qətlə yetirməsi Rusiyada miqrantlar əleyhinə dalğanı gücləndirib. Ölkə prezidenti Vladimir Putin avqust ayında “Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu imzalayıb. Bununla da miqrantlarla bağlı bir sıra qadağalar qüvvəyə minib. Belə ki, yeni qanuna əsasən əcnəbilərə taksi və ictimai nəqliyyat vasitələrini idarə etmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilərin satışını həyata keçirmək, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək qadağan edilib. Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib. Bundan əlavə, Rusiya hakimiyyəti qanunsuz miqrantların reyestrinin yaradılacağını da açıqlayıb.

.