150-200 bal arasında nəticə göstərmiş şəxslərin seçə biləcəkləri ixtisaslar açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.
O bildirib ki, bunlar meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu, daşınmaz əmlakın kadastrı, zoo mühəndislik kimi ixtisaslardır:
"Kənd təsərrüfatı yönümlü ixtisasları seçənlər də dövlət sifarişli yerlərdə oxuya biləcəklər. Bu ixtisaslara elə də çox maraq yoxdur. Lakin bunlar ölkə üçün çox vacib ixtisaslardır".
II qrupda 150-dən çox bal toplayanların hamısı ali məktəbə qəbul olunacaq
“II ixtisas qrupu son illərdə maraq mərkəzindən kənara çəkilib. Maliyyə sektorunda bankların bağlanması ilə bu sahədə əmək bazarında iş yerləri azalıb. Nəticədə abituriyentlərin də buna marağı azalıb”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, amma iqtisadiyyatın inkişafı üçün peşəkar mütəxəssislər, mühasiblər, maliyyəçilər lazımdır:
“İxtisasların adı ənənəvi qalırsa, mahiyyətində və məzmununda çox böyük dəyişikliklər olur. II qrup üzrə 12000 min plan yeri var. Bu qrup üzrə 150-dən yuxarı bal toplayan 9800 şəxs var ki, onların da hər biri müsabiqəyə buraxılıb. Onların hamısı ali məktəbə qəbul olunacaqlar”.
III ixtisas qrupunda plan yerlərinin sayı artırılıb
III qrupda plan yerlərinin sayı təxminən 800 artırılıb və yeni ixtisaslar da mövcuddur.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.
O bildirib ki, III qrupda DT altqrupunda plan yerlərinin sayı 13 512, müsabiqəyə buraxanların sayı isə 13 796 nəfərdir:
“Bu, o deməkdir ki, təxminən 200 nəfər ali məktəbə qəbul ola bilməyəcək. Müsabiqəyə buraxılanlar 200 baldan yuxarı nəticə göstərənlərdir. 150-200 bal toplayanlar isə 16 572 nəfərdir. Plan yerinə 150 ballıq ixtisaslar da daxil olduğundan, bu, o deməkdir ki, sözügedən altqrupda 3000 nəfər ali məktəbə qəbul ola bilməyəcək. Bu alt qrupda heç vaxt subbakalavrlar üçün yer olmur və bu il də olmayacağını düşünürük. Lakin keçən il 50 nəfər qəbul olmuşdu, bu il bir o qədər subbakalavr qəbul ola bilər".
Məleykə Abbaszadə qeyd edib ki, 440 baldan yuxarı nəticə göstərən hər bir şəxsin dövlər sifarişli yerlərdə oxumaq şansı var:
"Lakin burada yüksək keçid balı olan ixtisaslar var. III qrupda 600 baldan yuxarı nəticə göstərənlərin sayı keçən illə müqayisədə aşağı düşüb. Belə ki, bu il onların sayı 342 nəfərdir. Keçən il bu rəqəm 617 idi. Keçən il hansısa ixtisasda keçid balı 500 baldan yuxarı idisə, bu il həmin ixtisasda 480-490 bal ətrafında ola bilər".
.