Gəncə-Sankt-Peterburq aviareysi ilə səfər edəcək 101 sərnişinə qanunsuz COVID-19 sertifikatı verməkdə təqsirləndirilən “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yasamal rayon Məhkəməsində hakim İslam Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Bayramov qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdə o da qeyd edilib ki, Ə. Bayramovun həbsdə saxlanıldığı 3 ay 25 günlük müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, onun islah işləri cəzasını faktiki çəkmiş hesab edilib.

Ə. Bayramov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 101 nəfər şəxsin tikinti prosesinə cəlb edilməsi məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmələri üçün saxta “COVID-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar ilə 18 may 2021-ci il tarixdə Gəncə Beynəlxalq Hava Limanından həmin istiqamətə uçmaq istədikləri zaman yoxlanışdan keçərkən test nəticələrinin saxta olması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırılmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.

Onlar barəsindəki cinayət işləri ayrı icraatda araşdırılır. Hazırda Seymur Mürsəlovun cinayət işinin istintaqı başa çataraq baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.

.