Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Rusiya İkinci Qarabağ müharibəsinə son qoyulmasında aktiv şəkildə iştirak edən ölkədir.

Prezident xatırladıb ki, Rusiyanın sülhməramlıları müvəqqəti Azərbaycan ərazilərində yerləşib: “Üstəlik, Rusiya ilə illərdir çalışdığımız iqtisadi, enerji, nəqliyyat, mədəni, humanitar sahələr üzrə genişmiqyaslı məsələlər var. Əlbəttə, biz Rusiyadan hərbi vasitələr alırıq, əlbəttə, doğrudur biz onları ödənişsiz əldə edən Ermənistandan fərqli olaraq, bazar dəyərinə alırıq. Bunlar dırnaqarası kreditlər hesabına ödənilirdi, amma bu kreditlər heç vaxt qaytarılmayıb. Fərq budur. Amma eyni zamanda, düşünürəm ki, bu regional oyunçulara bir növ mesajdır ki, burada sülh olmalıdır. Türkiyə və Rusiya – hər ikisi müharibədən sonra regiondakı yeni konfiqurasiyada iştirak etdilər. Bilirsiniz ki, vəziyyəti müşahidə etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir. Düşünürəm ki, tarixdə ilk dəfədir ki, belə bir tənzimləmə mümkündür. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələri – biz indi görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəs üçün vasitəçilik edir. Beləliklə, bütün bunlar regional təhlükəsizliyə və sabitliyə xidmət edir və eyni zamanda, bizim əməkdaşlığımızın müstəqil xarakterini nümayiş etdirir”.

Prezident: “Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq”

“Ermənistanın üçtərəfli görüşün keçirilməsi haqqında Azərbaycan tərəfinin təkliflərini rədd etməsi, onların belə siyasəti heç bir məntiqə sığmır. Bəlkə də onlara bir qədər vaxt lazımdır, onlar burada mümkün riskləri qiymətləndirməlidirlər, lakin mən hesab edirəm ki, bu, qaçılmazdır. Biz və bizim gürcü həmkarlarımız buna hazırdır. Məncə, bu, ilk addım ola bilər”.

Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

Prezident İlham Əliyev bildirib: “Siz Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat marşrutlarını nəzərə almaqla nə qədər inteqrasiya olunduğunu bilirsiniz. Mən hesab edirəm ki, Ermənistanı regional inkişafa qoşulmağa dəvət etmək imkanları da mövcuddur. Onlar bundan faydalanacaqlar. Onlar bizim enerji resurslarımıza çıxış əldə etməklə faydalana və müəyyən dərəcədə beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilə bilərlər. Bunlar, öz-özlüyündə müəyyən gəlir gətirə bilər. Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün hətta indi proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq”.

Azərbaycan Prezidenti: “Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik”

“Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi bütün hüquqlara və təhlükəsizlik təminatlarına sahibdirlər”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Azərbaycan Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələrinin yaşadıqları ölkədir”, - deyən dövlət başçısı bildirib ki, onların hamısı ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayır: “Azərbaycanda erməni xalqının nümayəndələri də yaşayıblar və onlar heç vaxt hər hansı problemlə qarşılaşmayıblar. Buna görə də Ermənistanda azərbaycanafobiya təbliğatına son qoyulmalıdır. Ermənistanın bizimlə bağlı yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək”.

Azərbaycan Prezidenti: "Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb"

Müharibədən sonra baş verənlər göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur. Əksinə, biz sülh və ərazi bütövlüyümüzün tanınmasını istəyirik.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Ölkəmizdə yaşayış standartlarının Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri ilə müqayisədə qat-qat üstün olduğunu qeyd edən dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb.

“Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Prezident: "Çox tezliklə Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək"

Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü çox tezliklə keçiriləcək.


 

.