:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sahibkarları koronavirus epidemiyasının zərərli təsirlərindən qorumaq üçün Vergilər Məcəlləsinə dəyişiklik ediləcək

Font

"Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir və bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M. Cabbarov deyib ki, tədbirlər müəyyənləşən kimi aidiyyatı qanunvericilik aktlarında, o cümlədən Vergilər Məcəlləsində lazımi dəyişikliklərin edilməsi üçün müraciət olunacaq.

Azərbaycanda əmək müqavilələrinin ləğv edilməsinə moratorium qoyulur

Azərbaycanda yeni tip koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı əmək müqavilələrinin ləğv edilməsinə moratorium qoyulur.

Bunu da İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M. Cabbarov deyib ki, dövlət sektoruna bununla bağlı artıq göstəriş verilib: "inanırıq ki, özəl sektor biznes fəaliyyətini sosial məsuliyyətini qəbul edərək həyata keçirəcək və hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılmayacaq. Dövlət bir tərəfdən bu məsələni nəzarətdə saxlamaq niyyətindədir. Digər tərəfdən isə yaranmış vəziyyətin mənfi təsir etdiyi müəssisə və sahibkarlara zəruri dövlət dəstəyinin təqdim edilməsi ilə həmin yükün sahibkarla dövlət arasında bölüşməsini həyata keçiririk. Sahibkarlara da mesajım odur ki, dövlət onların yanındadır. Dövlət onların bizneslərinin qorunub saxlanması, qısa müddətdə itirdikləri dövriyyələrini bərpa etməsinə əməli dəstək verilməsi üçün addımlar atacaq”.

İqtisadiyyat naziri icarə haqları ilə bağlı ticarət mərkəzlərinin sahiblərinə müraciət edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov ticarət mərkəzlərinin, "Mall”ların, bazarların, yarmarkaların sahiblərinə müraciət edib.

İqtisadiyyat naziri deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tam şəkildə riayət olunmalıdır.

İqtisadiyyat naziri bu dövr ərzində həmin şəxslərin məsuliyyətli, şüurlu davranışını gözlədiklərini vurğulayıb: "Yalnız icazə verilmiş çərçivədə fəaliyyət həyata keçirilməlidir. İlk növbədə icarə haqlarının dondurulması kimi məsələlərə baxılmalıdır. Ticarət obyektlərinin, bazarlarının sahibləri ilə icarədarlar, sahibkarlar arasında münasibətlər tarazlı şəkildə tənzimlənməlidir. Çünki həm ticarət obyektinin sahibi, həm də sahibkar real fəallığın necə olduğunu gündəlik görə bilir. Əgər insanların axını obyektiv səbəbdən azalıbsa, bu reallıq qəbul edilməlidir. Zəruri olan müddət üçün icarə haqlarının dondurulmasını tövsiyə edirik. Bu da sosial məsuliyyətli davranış olardı. Eyni zamanda biznesin qaydaları belədir. Çətin dövrləri bir-birimizə dəstək verməklə yaşayıb keçməliyik. Həmçinin bizə siqnallar daxil olur ki, bir sıra ticarət obyektlərində bu çərçivəyə riayət olunmur. Biz bununla bağlı qanunvericilik çərçivəsində nəzərdə tutulmuş profilaktik tədbirlər görmək niyyətindəyik. Amma bizim niyyətimiz ondan ibarətdir ki, dialoq vasitəsi ilə obyektiv qiymətləndirmə aparılsın. Biz müvafiq proqramlar, dəstək tədbirləri və vergi güzəştləri ilə sizin yanınızda olmağa hazırıq. Sizdən isə şüurlu davranış gözlənilir”.