:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Samir Şərifov: "Koronavirusun mənfi təsir etdiyi sahələrə və sahibkarlara dəstək veriləcək"

Font

"Bu gün koronavirusun iqtisadi təsirlərini aradan qaldırmaq üçün Azərbaycanda çox çevik tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı əsasında Baş Nazirin rəhbərliyi ilə yaradılan xüsusi qərargah olduqca təsirli tədbirlər görür. Bu tədbirlərin nəticəsi olaraq, bu gün ölkəmizdə koronavirusa yoluxma səviyyəsi kifayət qədər azdır”.

Bunu Maliyyə naziri Samir Şərifov AzTV-nin "Hədəf" verilişində neft bazarlarında baş verən son prosesləri və onun Azərbaycanın dövlət büdcəsinə təsirini şərh edərkən deyib.

"Bu gün səhiyyəsi bizdən yüksək inkişaf etmiş dövlətlər də koronavirusun qarşısını ala bilmirlər. Ölkəmizdə isə koronavirusa qarşı təsirli tədbirlər görülür və bu tədbirlər davam etdiriləcək. Koronavirus dünyada olduğu kimi ölkəmizdə də iqtisadi aktivliyə müəyyən mənfi təsir göstərəcək, lakin ölkə prezidentinin tağşırığına əsasən dövlət tərəfindən koronavirusun mənfi təsir etdiyi sahələrə, həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və sahibkarlara müəyyən dəstək veriləcək. Hansı formada və necə dəstək veriləcəyi ilə bağlı isə təkliflər hazırlanıb və təqdim olunacaq", - o qeyd edib.

Nazirin sözlərinə görə, hazırda hökumət koronavirusun dövlət büdcəsi gəlirlərimizə və xərclərinə təsirini qiymətləndirir: "Bütün bunlara baxmayaraq, mən əminlikdə deyə bilərəm ki, bu gün büdcə ödənişləri həmişəki qaydada və rejimdə icra olunmaqdadır. Xüsusilə Novruz bayramı ərəfəsində bütün maaşlar, sosial müavinətlər, təqaüdlər, pensiyalar hamısı vaxtında icra olunacaq. Bu məsələdə heç bir problem yoxdur. Bundan başqa dövlət vəzifələrini təmin edən xərclər, təsdiq olunmuş investisiya layihələri də tam maliyyələşdirilir. Ancaq yaşanan hadisələri nəzərə alaraq biz xərclərin prioritetliyinə, məqsədə uyğunluğuna da baxa bilərik”.

S.Şərifov, həmçinin bildirib ki, koronavirusun yayılması ilə bir sıra xərclər təbii olaraq azalacaq: "Dövlət büdcəsi təşkilatlarının xarici ezamiyyət xərcləri, əvvəlcədən keçirilməsi nəzərdə tutulmuş müəyyən idman, ictimai və digər tədbirlər məhdudlaşdırılması nəticəsində də büdcəyə müəyyən qəanətlər olacaq. Yəni biz bəzi sahələrdə qənaət etməklə, əldə olunan vəsaiti digər sahələrin dəstəklənməsinə yönəldiləcək. İlk növbədə səhiyyə sahəsinə xüsusi vəsaitlər ayrılıb, amma lazım gəlsə biz əlavə vəsaitlər də ayrıla bilərik".