:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Musa Ağayev: “Mən seçkilərin demokratik keçəcəyinə hələ də inanıram”

Font

Azərbaycanda parlament seçkilərinin başlamasına artıq bir neçə gün qalıb. Ekspertlərin sözlərinə görə, bu seçkilər Azərbaycanın yeni tarixində ən demokratik seçkilər olacaq. Biz də buna inanmağı çox istəyirik.
118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Musa Ağayev seçkilər barədə fikirlərini "Novoye Vremya” qəzeti ilə bölüşdü.
Namizədin bildirdiyinə görə, seçki kampaniyası ərəfəsində o, həm Bərdədə, həm də Bakıda seçiciləri ilə bir çox görüşlər keçirib.
"Ümumilikdə, Ağdam rayon qaçqınlarının məskunlaşdığı Bərdə və Bakı şəhərlərində təxminən 90% seçiciləri əhatə edən görüşlər baş tutub. Amma bu görüşləri keçirmək heç də asan olmadı. Yerli məmurlar bizə mane olmaq üçün əllərindən gələn hər şeyi etdilər. Maneələr açıq şəkildə törədilməsə də, biz bunu hərtərəfli hiss etdik. Məsələn, seçicilərlə görüşlər keçirmək üçün bizə açıq stadion ayırmışdılar. Bu soyuq qış aylarında açıq stadionda görüş keçirməyin nə demək olduğunu təsəvvür edə bilirsinizmi?” – dəyə, Musa Ağayev bildirdi.
Eyni zamanda, M.Ağayev qeyd etdi ki, Ağdamdan irəli sürülən digər namizəd üçün (təxminən 20 il Milli Məclisdə deputat kürsüsünü tutan) hər yerdə "yaşıl işıq” yanırdı - seçicilərlə görüş cədvəli ideal şəkildə tərtib edilmiş, ən rahat və komfortlu görüş məkanları ayrılmışdı və s. Lakin bütün bunlara baxmayaraq, o, sadə insanlarla deyil, məktəb direktorları və həmin təhsil ocaqlarında işləyən müəllimlərlə görüşürdü.
"İnsanlar giləylənirdilər ki, bu deputat hər zaman vətəndaşlar üçün əlçatmaz olmasına baxmayaraq, yenə də parlament üzvü olmağa can atır. Bu isə paradoksdur. Təsəvvür edin ki, bir insanı işdən azad ediblər, o isə bir həftədən sonra geri gayitmağa çalışır. Milli Məclisdə kök salmış bəzi deputatlar da Məclisin buraxılmasından sonra yenə də parlamentə geri qayitmağa can atırlar. Sual yaranır: nədən, nə üçün?
Ölkə prezidenti İlham Əliyev Davosdakı forum zamanı Azərbaycanın yeni parlamentə ehtiyacı olduğunu söyləməklə bütün məqamlara aydınlıq gətirdi. Dövlət başçısı göstərdi ki, onun üçün yeni parlamentin yaradılması xalqın iradəsini əks etdirir və fundamental əhəmiyyət daşıyır.
Prezident Davosda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan seçiciləri artıq seçkilərlə bağlı daha qətiyyətli və prinsipialdılar. Bu - həqiqətdir. Seçicilərlə görüşlərimiz zamanı biz də bunun bir daha şahidi olduq. Vətəndaşlar istəyirlər ki, ölkənin yeni parlamentinin nümayəndələri deputat kürsüsünü boş-boşuna zəbt etmək əvəzinə, adi insanları həqiqətən eşitsinlər və onların problemlərinin həllinə səy göstərsinlər.
Ancaq təəssüf ki, əhali ilə görüşlər zamanı məndə elə təsəvvür yarandı ki, yerli məmurlar insanlara illərlə MM-də oturan və bu kürsüdən hələ də əl çəkmək istəməyən müəyyən namizədləri güclə qəbul etdirməyə çalışırlar.
Eyni zamanda, bizdə olan dəqiq məlumata görə, məktəb direktorlarına və müəllimlərə müəyyən bir deputatlığa namizəd üçün səsvermənin təşkili barədə göstəriş verilib. Bunları törədən, vətəndaşlara təzyiq göstərən məmurlar demokratik seçkilərin bütün prinsiplərini pozur. Axı onlara belə bir hüququ kim verib?”, - deyə M.Ağayev sual edir.
Onun sözlərinə görə, seçicilərlə görüşlər zamanı onların 90%-dən çoxu onlara güclə qəbul etdirməyə çalısdırılan namizədi seçmək istəmədiklərini etiraf edib.
"Əminəm ki, demokratik dövlət qurmaq üçün hər cür səy göstərən dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident, birinci xanım Mehriban Əliyeva bəzi namizədlərin seçki kampaniyası zamanı baş verən neqativ hallardan xəbərsizdilər.
Bu, çox xoşagəlməz bir tendensiyadır və hesab edirəm ki, günahkarları cəzalandırmaq üçün lazımi tədbirlər görmək gərəkdir", - deyə həmsöhbətimiz vurğuladı.
"Mən şəxsən bütün vətəndaşları səsverməyə getməyə və öz seçimlərini etməyə çağırıram. Yalnız bu yolla dövlət başçısının hədəflədiyi yeni parlamentdə demokratik seçkilər keçirə bilərik. Əgər bu baş verməsə, seçicilərimə söz verdiyim kimi, onların qarşısına çıxıb onlardan şəxsən üzr istəyəcəyəm. Ancaq mən Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin demokratik gedişinə inanıram!”, - deyə M.Ağayev bildirdi.

S.SULTANGIZI