:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

TALEYÜKLÜ “MİSSİYA”

Font

Güclü o şəxsdir ki, həyatın bütün anlarında mətin olur. Dahi o şəxsiyyətdir ki, çətin anlarda düzgün yol seçib xalqını, millətini uğurlu gələcəyə aparır. 
 Onore de Balzak


Hər bir millətin, xalqın tarixini öz ömür yolunda yaşadan şəxsiyyətlər, simalar var. Bunlar hökmdarlar da ola bilər, siyasətçilər də, tarixçilər də ola bilər, yazıçılar da. Fitrətən, doğuluşdan kökünə bağlı olan bu şəxsiyyətlər milli-mənəvi irsin, mental dəyərlərin, genetik yaddaşın gələcək nəsillərə ötürülməsi kimi ağır bir missiyanın yükünü daşıyırlar. Özündən sonra layiqli miras − hər hansı bir abidə, sənət incisi ilə adlarını zaman və məkan müstəvisindən asılı olmayaraq, tarixə həkk edən bu şəxsiyyətlər mənsub olduqları millilikdən çıxıb bəşərilik qazanır. Zaman bizdən uzaqlaşdıqca tarix onları bizə daha da yaxınlaşdırır. Lakin az hökmdar, rəhbər tapılar ki, öz xalqını sevərək, eyni zamanda sevilərək ona rəhbərlik etsin. Tanınmış siyasətçi, şəxsi mənafeyini xalqın mənafeyinə qurban verən, tarixən formalaşmış və minilliklərdən bəri qorunub saxlanan mənəvi irslə silahlanan Heydər Əliyev belə şəxsiyyətlərdəndir.




Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat amalının, qayəsinin bir dayaq nöqtəsi vardı: azərbaycançılıq. O hər addımında, hər əməlində Azərbaycanı düşünür, nədən danışır danışsın, ona müstəqil Azərbaycanın mirası kimi yanaşırdı. Dünya azərbaycanlılarının I qurultayında o öz qayəsini belə ifadə etmişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Azərbaycançılıq onun anlamında həyatın bütün sahələrinə şamil idi: təhsil, elm, səhiyyə, iqtisadiyyat, incəsənət və s. Heydər Əliyev bunların hər birində Azərbaycanın portretini görür, Azərbaycanın şəklini çəkir, Azərbaycanın musiqisini eşidirdi.
Ömür yolu və siyasi fəaliyyəti ilə Azərbaycan tarixinə şanlı səhifə yazan ümummilli liderin ölməz ideyalarının, taleyüklü missiyasının elm və təhsildə davamçılarından sayılan professor Mahirə Hüseynovanın bu günlərdə elmi-pedaqoji ictimaiyyətə təqdim etdiyi "Missiya” kitabı Heydər Əliyev şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsidir. Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli, elmi məsləhətçisi tarix elmləri doktoru, professor Cəfər Cəfərov, rəyçiləri filologiya elmləri doktorları Himalay Qasımov və Buludxan Xəlilovdur. Filologiya və tarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gəlmiş kitabda müəllif ulu öndərin postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, onun xüsusilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin tanıtımı və qayğısı ilə bağlı xidmətlərinə zəngin erudisiya ilə yanaşmış, milli şüur, milli dəyərlər, milli mentalitetin qorunması ilə bağlı xidmətlərini yüksək qiymətləndirmişdir: "Heydər Əliyev o fenomenal şəxsiyyətlərdəndir ki, yaşadığı və fəaliyyət göstərdiyi cəmiyyət üçün həmişə və hər məqamda onun irsinin öyrənilməsinə tələbat özünü hiss etdirir. O tələbatı yaradan amil isə ictimai maraqdan əlavə, həmin marağı doğuran situasiyaların diqtə etdiyi tələbi öyrənmək istəyidir”.
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişini prof. M.Hüseynova zərurətin doğurduğu tarixi gerçəklik sayır. "İki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edən” Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırdığını tarixi faktlar və təkzibedilməz dəlillərlə oxucuya çatdırır. Həyatın bütün sahələrində ümummilli liderin fəaliyyətini müəllif dialektik vəhdətdə götürür. Bir siyasi rəhbər kimi o, Heydər Əliyev strategiyasının uğurunu onun əvvəl dövlət yaratması, daha sonra şəxsiyyətin mənəvi dəyərlərini uca tutmasında görür.
Milli ideologiyamızın yaranması və formalaşmasında Heydər Əliyevin xidmətlərini sadaladıqca M.Hüseynovanın bu böyük siyasi rəhbərin ictimai fəaliyyətinə dərindən bələd olduğunun br daha şahidi oluruq. 60-cı illərin sonundan rəhbər seçilən Heydər Əliyevin həyata keçirdiyi mili inkişaf strategiyasının uğurlarının təsdiqini o, sonralar xalqımızın dövlətçiliyinin bərpasında və möhkəmləndirilməsində təməl daşı sayır. Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqil ölkə kimi ayağa qalxması, özünü dərk etməsi, özünəməxsus inkişaf modeli hazırlayıb həyata keçirməsinə mane olan, iqtisadi, mədəni-mənəvi həyatın öz axarına düşməsini ləngidən səbəblər - müharibə və hakimiyyət iqtidarında olan qüvvələrlə mübarizədə yalnız Heydər Əliyev fenomeni qalib gələ bilərdi. M.Hüseynova filoloq-alim axtarışları ilə ulu öndərin siyasi fəaliyyətini Azərbaycanın tarix boyu müstəqillik mübarizəsi ilə müqayisə edir və belə bir qənaətə gəlir: "1969-1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr əslində, respublikamızın müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların səciyyəsinə görə 70-80-ci illər Azərbaycanın tarixində ən parlaq səhifələr təşkil etmişdir. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk duyğuları, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu 90-cı illərin əvvəlində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanma və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu”.
M.Hüseynova ümummilli liderin missiyasında elmin, təhsilin inkişafına diqqət yetirdiyini xüsusi vurğulayır. Onun dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmış, 250 ixtisas üzrə 15 mindən çox gənc təhsil almışdır. Öndərin rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması, maddi-texniki bazasının formalaşdırılması, hərbçi kadrların yetişdirilməsini dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensialın yaradılması kimi vurğulayır.
Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi Heydər Əliyevin adı ilə bağlıdır. O, mədəniyyətin bütün sahələrini sevir, bədii ədəbiyyata xüsusi sevgisini gizlətmirdi: "Ədəbiyyata olan məhəbbətimi sübut etməyə elə bir ehtiyac yoxdur. Bunu Azərbaycanda yaxşı bilirlər. Bu, mənim vəzifəmə görə deyildir, mənim təbiətimdir, içimdən gələn hissiyyatımdır. Məndə həmişə - hələ uşaq, gənc yaşlarımdan şeirə, ədəbiyyata, incəsənətə, mədəniyyətə çox böyük həvəs olubdur, həmişə maraqlanmışam. İndi dövlət işi ilə məşğul olanda da mən bunun nə qədər əhəmiyyətli olduğunu bilirəm, dərk edirəm. Ona görə də əlimdən gələni edirəm”.
Heydər Əliyev ədəbiyyatın əsas vəzifəsini onun humanist mahiyyətində görürdü. Hələ postsovet məkanında sovet həyat tərzinin nəcib və gözəl cizgilərinin, insan arzularının və əməllərinin tərənnümünü yazıçıların həyatın ab-havasını duymaları ilə bağlayırdı. Cəmiyyətin yüksəlişi, iqtisadiyyatın inkişafına yönəlmiş fəaliyyəti, sülh və təhlükəsizlik uğrunda mübarizənin hərtərəfli bədii təsviri Heydər Əliyevə görə, ədəbiyyatın şərəfli vəzifəsidir. O bilirdi ki, xalqın mədəni səviyyəsini daha da inkişaf etdirmək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqlı yetişdirmək üçün bədii sözün, bədii ədəbiyyatın əvəzedilməz təsiri var. Bu anlamda ulu öndər folklor yaradıcılığına, klassik irsə, müasir ədəbi prosesə, ümumiyyətlə, bədii ədəbiyyata böyük önəm verirdi. Müstəqilliyimizin xalqımıza bəxş etdiyi sərvətlərdən biri kimi o, ədəbiyyatımızın zənginliyini vurğulayırdı. Elmi yaradıcılığı ilə yanaşı, bədii yaradıcılığı üzvi sintez təşkil edən Mahirə Hüseynova təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı fikirlərinə biganə qalmır. Onun "insan qəlbinin mühəndisləri” olan zümrəyə – şairlərə, yazıçılara tövsiyəsini alim rəhbər missiyasının tutduğu yol kimi qiymətləndirir: "Yeni dünya quruculuğu, eyni zamanda, yeni insan tərbiyəsi deməkdir. Cəmiyyətimiz irəlilədikcə bu quruculuqda əsas götürülən meyarlar daha yüksək və daha mükəmməl olur. Yazıçı, şair, dramaturq məhz bu meyarların paklığı keşiyində durmalı, insanla cəmiyyətin qarşılıqlı münasibətlərini zənginləşdirməli, şəxsiyyətin daxili aləmini, mənəvi dünyasını tərənnüm etməlidir”.
Dilin sadəliyi, ifadəliliyi və zənginliyini Heydər Əliyev öncə öz timsalında nümayiş etdirirdi. O, nədən danışır danışsın, fikrini sadə, lakonik ifadə edər, auditoriyanın səviyyəsinə uyğun söz və ifadələr seçər, tələb olunan vasitələrdən yerində istifadə edərdi. Yüksək erudisiya sahibi olan Heydər Əliyevin ölkəyə rəhbərliik fəaliyyəti postsovet dövrü ilə bağlı olsa da, Azərbaycan dilində zəngin sinonimlər, terminlər, danışıq dili ünsürlərindən məqamında istifadə etməyi bacarırdı. Onun simasında ana dili milli-mədəni mənliyin, müstəqilliyin əyani rəmzinə çevrildi. Vəzifəli şəxslərə natiqlik məharəti ilə bahəm düzgün, səlis, zəngin nitqi ilə nümunə olan Heydər Əliyev dilə həssas yanaşır, onun kimsə tərəfindən bilərəkdən təhrif edilməsinə yol vermirdi. Ana dilini yüksək qiymətləndirən ulu öndərin dillə bağlı müdrik kəlamları - aforizmləri ictimai fikir tariximiz və dövlətçilik siyasətində mühüm rol oynayır.
M.Hüseynova Heydər Əliyevin dil siyasətində sərhəd məhdudiyyəti olmadığını bildirir. Onun fikrincə, dünya türklərinin lideri sayılan Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənmir, o, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görür. O, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, müstəqil Azərbaycan Respublikasının Prezidenti olanda da dilin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verdiyini qeyd edir. Ümummilli liderin "Bu gün danışdığımız dil 20-ci illərdə danışılan dil deyildir” fikrini dilçi-alim bu gün də dilin inkişafında birbaşa məsuliyyət daşıyan şəxslərin – filoloqların, dil-ədəbiyyat müəllimlərinin, ziyalıların üzərinə məsuliyyət və borc sayır. Ulu öndərin Azərbaycan yazıçılarının X qurultayında ürəkyanğısı ilə dediyi sözləri dilşünas M.Hüseynova ehtiramla xatırlayır: "Xalqı xalq edən, milləti millət edən ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti altında olduğumuz zaman da, sovet imperiyasının tərkibində olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən bizim söz ustalarının, ədəbiyyatçıların, mədəniyyət xadimlərinin ən böyük nailiyyətidir”.
Bu gün ulu öndərsiz yaşadığımız bir dövrdə Heydər Əliyevin xalqına həsr olunmuş həyat yolunun hələ çox səhifələrinin araşdırılması, hərtərəfli öyrənilməsi, siyasi-ictimai fəaliyyətinin ayrı-ayrı məqamlarının işıqlandırılmasına ehtiyac var. Ümummilli liderin şəxsiyyəti və ruhu qarşısında müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənmısi yolunda filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının "Missiya” kitabı bu yolda sədaqət və fədakar xidmətin bariz nümunəsidir.

Nazilə Abdullazadə
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti