:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MÜASİR TƏHSİL SİSTEMİ VƏ ƏDƏBİYYATIN TƏDRİSİ MƏSƏLƏLƏRİ

Font

Qloballaşmanın geniş vüsət aldığı – iqtisadiyyatdan, siyasətdən tutmuş təhsilə, mədəniyyətə qədər nüfuz etdiyi bir dövrdə bütün sosial-siyasi proseslər, iqtisadi, sosial, təhsil, mədəni və digər qurumların fəaliyyəti şəxsiyyətin inkişafına və kamilləşməsinə yönəlmişdir. Ümumavropa məkanına inteqrasiya, təhsilin Avropa təhsil sisteminə inteqrasiyası, xüsusilə təhsildə yeni texnologiyaların tətbiqi, idarəetmə, innovativ irəliləmə, təhsilalanların müasir səriştələrə yiyələnməsini təmin edən müasir təhsil sistemi qlobal dəyişikliklərlə yanaşı, hər bir müəllimin qarşısında mühüm vəzifələr və tələblər qoyur.
Azərbaycanin Bolonya prosesinə qoşulması ilə təhsilin məzmun və strukturunda müəyyən dəyişikliklər baş vermişdir. Orta məktəblərdə Kurikulum layihəsi çərçivəsində normativ və summativ qiymətləndirmə, ali məktəblərdə eksperiment şəklində Avropa qiymətlər sistemi, kredit yıgımı, diploma əlavə, şoxpilləli sistem və s. artıq reallaşmışdır. Bütün bunlar Azərbaycan milli təhsilini müasirləşdirməkdən və qloballaşan cəmiyyətə uygunlaşmaqdan ötrüdür. Lakin hər hansı bir yeniliyin tətbiqi köhnə məzmun və formanın tamamən silinib atılması nəticəsində olmamalıdır. Ali təhsil sistemində Bolonya deklarasiyasının müəyyən müddəaları avtomatik olaraq avropalaşsa da, milli məktəb, milli dəyərlər və xususiyyətləri unutmaq olmaz.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tanınmış metodist alim Soltan Hüseynoğlunun gərgin zəhmətin və elmi-pedaqoji axtarışların yekunu olaraq ədəbiyyatsevərlərə və pedaqoji ictimaiyyətə təqdim olunan kitabı ədəbiyyatın tədrisi metodikasının aktual problemlərinə həsr olunmuşdur. "Ədəbiyyatın məktəbdə öyrədilməsi” (Bakı, 2019, 264 səh.) metodik vəsaitdə Təhsil strategiyasından irəli gələn vəzifələr, ədəbiyyatın nəticəyönümlülüyü və şəxsiyyətyönümlülüyünün təlim prosesində formalaşdırılması, ədəbi mövzuların tədrisinə verilən tələblər əksini tapmışdır.
Müəllifi daha çox düşündürən problem yeniliklərin tətbiqi və onlara münasibət məsələsidir. S.Hüseynoğlunun fikrincə, bütün yeniliklər məktəbə o vaxt vəsiqə ala bilər ki, təcrübədə yoxlanılsın, əsasında eksperiment dayanan xüsusi tədqiqat üçün obyektə çevrilsin. Bu mənada təcrübəli metodist alimin narahatlığı əsaslıdır. Etiraf edilməlidir ki, bir çox yeniliklər barədə çoxdan, həm də çox danışılsa da, onlar hələ də məktəbə lazımi səviyyədə yol tapmamışdır. Vəsaitdə bunun səbəbləri barədə inandırıcı fikirlər vardır. Bizə gəlib çatan hər bir texnologiyaya yaradıcı yanaşmaq, onları təhsilimizin məzmunu və qarşıya qoyulmuş vəzifələrlə uzlaşdırmağın vacibliyi müəllif tərəfindən xüsusi vurğulanır. Kitabda səsləndirilmiş "Bu gün idxal olunan onlarla "təlim metodunun” hamısı faydalıdırmı?” sualına ədəbiyyat fənn kurikulumu üzrə milli məsləhətçi S.Hüseynoğlu mənfi cavab verir. Çünki onların (təlim metodlarının – N.A.) gəldiyi ölkələrin təhsil sistemində məsələyə bu gün fərqli yanaşılır, daim təkmilləşmə və yeniləşmə aparılır. Bu gün milli təhsilimizdə faydalı sayılan bir çox metodlar artıq yararsız və ya az faydalı hesab olunur.
Pedaqoji ədəbiyyatda bol-bol səpələnən "metodların”, tapşırıq modellərinin mahiyyəti, tətbiqi ilə bağlı xaricdə çap olunmuş yazılarla tanış olanda dərsin quruluşundan və imkanlarından çox-çox fərqli, hətta bəzən onlara zidd mövqe ilə qarşılaşırıq. Məsələn, həmin yazılarda bir təlim metodu yaxud iş modelindən danışılanda onun tətbiqi üçün 50-60 dəqiqə vaxtın lazım olması, şagirdlərin sayının 90 nəfərə qədər ola biləcəyinin mümkünlüyü vurğulanır. Bu, fərqli təhsil sistemindən, təlimin fərqli təşkilindən irəli gələn məsələdir. Hələ haqqında 1870-ci illərdə danışılan, 1920-ci illərdə ABŞ-ın Harvard Biznes Məktəbində işlənib istifadə üçün təklif olunan keys-metodun (onu bəzi tədqiqatçılar texnologiya, başqaları priyom hesab edir) səs-sorağı bizə indi gəlib çatır. İnkişaf etmiş xarici ölkələrdə bu gün ən çox istifadə edilən bu təlimi yanaşma bir sıra mühüm cəhətlərinə görə "fəal/interaktiv təlim” adı ilə tətbiq etdiyimiz və haqqında çox yazdığımız təlimi yanaşmadan əhəmiyyətli dərəcədə fərqlənir.
Bu problemlə bağlı müəllifin gəldiyi nəticə məntiqlidir: heç bir texnologiyanı fetişləşdirmək, yalnız ondan yapışıb qalmaq doğru olmaz. Dərs o vaxt səmərəli olar ki, onda müxtəlif texnologiyalar ustalıqla uzlaşdırılsın, qarşılıqlı əlaqədə tətbiq edilsin.
"Ədəbiyyatın məktəbdə öyrədilməsi” vəsaitində ədəbiyyat tədrisinin mühüm problemlərinin əksəriyyəti əhatə olunmuşdur. Müəllif həm ənənəvi, həm də yeni təlimi yanaşmanın mahiyyətini, uğurlu və qüsurlu cəhətlərini şərh etmiş, dərslərdən nümunələr vermişdir.
Kitabın "Ədəbiyyat dərslərində şagirdlərin fəallığının və müstəqilliyinin inkişaf etdirilməsi” adlanan birinci bölməsi bütövlükdə şagirdlərdə müstəqilliyin, fikri fəallığın inkişaf etdirilməsi probleminə həsr edilmişdir. Bu bölmədə bədii əsərlərin öyrədilməsi prosesində müxtəlif növ müstəqil işlərin təşkili imkanları araşdırılmış, fərqli siniflər üzrə nümunələr verilmişdir. Bölmədə bədii əsərlərin təhlilində müqayisə priyomundan istifadənin əhəmiyyəti və yolları barədə ətraflı danışılmış, təklif olumuş metodik tövsiyələrin tətbiqi üzrə iş növlərinin təsvirinə geniş yer ayrılmışdır.
Vəsaitin ikinci bölməsində ədəbiyyat təliminin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əksini tapmış materiallar mövzu rəngarəngliyi ilə diqqəti cəlb edir. Burada ədəbiyyat dərslərində tətbiq olunan təlim metodları, problemli təlimin təşkili, nəzəri anlayışların şagirdlərin fəallığı zəminində mənimsədilməsi, bədii əsərlərin incəsənətin digər növləri ilə əlaqəli tədrisi kimi məsələlər əhatə olunmuşdur. Şagirdlərdə mütaliəyə marağın inkişaf etdirilməsi, dramatik və lirik növə aid nümunələrin tədrisi, məktəb ədəbiyyat kursunun vəzifələri metodist alimin diqqətindən kənarda qalmamış, geniş işıqlandırılmışdır.
Məktəb ədəbiyyat kursunda bədii sənətkarlıq məsələlərinin öyrədilməsi probleminə S.Hüseynoğlu fərqli rakursda yanaşmışdır. Ədəbi əsərlərin bədii xüsusiyyətlərinin öyrədilməsi ilə bağlı kitabda əksini tapmış metodik tövsiyələr konkret nümunələrə əsaslandığı üçün böyük praktik əhəmiyyətə malikdir. Lirik, epik və dramatik növdə olan əsərlərin tədrisində bədii sənətkarlıq məsələlərinin mənimsədilməsi yolları maraqlı iş növlərinin, formalarının tətbiqi ilə reallaşdırılır. Oxucuların diqqəti bədii sənətkarlıq məsələlərinin öyrədilməsinin əhəmiyyətinə cəlb olunur, bu istiqamətdə aparılan işin sistemli təşkil edilməsinin faydası vurğulanır. Ədəbiyyat dərslərində bədii sənətkarlıq məsələlərinin öyrədilməsinin həm təlimi, həm də tərbiyəvi əhəmiyyətini açıqlayan müəllifin fikrincə, yazıçının sənətkarlığı əsərin adının müəyyənləşdirilməsindən başlamış son nöqtəsinə qədər özünü büruzə verir. Bu, hər sözün seçilməsində və cümlədə yerləşdirilməsində, cümlənin qurulmasında, ayrı-ayrı epizodların, səhnələrin təsvirində özünü göstərir. Ədəbi qəhrəmanların obrazının yaradılması yazıçının əsər üzərindəki işinin ən məsuliyyətli və gərgin əmək tələb edən məqamlarındandır. Obrazın qarşılaşdığı insanlarla, həyat hadisələri ilə bağlı keçirdiyi psixoloji halların, xarakterindəki fərdi xüsusiyyətlərin, həyata baxışının və s. əhatə edilməsi, ifadə olunması yazıçıdan böyük məharət tələb edir. Bütün bunların aydınlaşdırılması və mənimsədilməsi isə məktəb təhlilinin vəzifələri sırasındadır.
Kitabda nitq inkişafı məsələlərinə ayrıca bölmə həsr edilmişdir. Məntiqi və ifadəli oxunun mahiyyəti, ifadəlilik vasitələri xüsusi aydınlıq, məntiqi ardıcıllıqla şərh edilmiş, təqdim olunmuş tövsiyələr əsaslandırılmış, məktəb təcrübəsindəki vəziyyətə münasibət bildirilmişdir.
Şagirdlərin şifahi və yazılı nitqindəki çatışmazlıqlar və bunları doğuran səbəblərə S.Hüseynoölunun orijinal yanaşması diqqəti cəlb edir. Müəllifə görə, bu gün şagirdlərin yalnız yazılı nitqinin zəif olmasından şikayətlənmək birtərəfli yanaşmadır. Əslində, məktəblilərin əksəriyyətinin şifahi nitqi də aşağı səviyyədədir. Müəllimlər şagirdlərin yazılı nitqinə daha həssas və diqqətli olurlar. Belə bir fikir hökm sürür ki, yazı (şagirdlərin müxtəlif növ yazı işləri) sənəddir, "göz qabağındadır”, elə buna görə də onların qüsurlarını görmək, qeydə almaq vacibdir. Belə çıxır ki, şifahi nitq "göz qabağında” olmur, keçmiş dərsdə belə nitqdə yol verilmiş qüsurları başqaları (deyək ki, yoxlamaya gələnlər) müşühidə etmir. Deməli, şifahi nitqin qüsurlarına öz yummaq olar.
Şifahi və yazılı nitqin qarşlıqlı əlaqəsi, hər ikisinin əhəmiyyəti üzərində dayanan müəllif vəsaitdə konkret metodik tövsiyələr vermişdir. Müəllifin fikrincə, şagirdlərində nitqin inkişafı üzrə müntəzəm iş aparmağı planlaşdıran müəllim ilk növbədə onların nitqi üzərində məqsədyönlü müşahidə aparmalı, qeydlər götürməlidir. Bir müddət sonra real vəziyyət barədə müəllimdə aydın təsəvvür yaranacaq. Aydınlaşacaq ki, şagirdlərin bir qismində söz ehtiyatı, ikinci qisimində cümlə qurmaq bacarığı zəifdir, üçüncü qisimində fikrin ifadəsi üçün adekvat söz tapmaq qabilyyəti yox dərəcəsindədir və s. Bunların aydınlaşdırılması şagirdlərə fərdi tapşırıqların verilməsinə imkan yaradır.
Uzun illər orta məktəbdə müəllim işləyən müəllifin öz iş təcrübsindən xatırlatdığı nümunələr maraq doğurur. O, rabitəli nitqi zəif olan, cümlə qurmaqda çətinlik çəkən şagirdlərə bədii əsərin məzmunu ilə bağlı dərslikdəki suallara cavab hazırlamağı təklif edir; "cavablarda müşahidə etdiyim başlıca nöqsan şagirdlərin əsərin sözlərini olduğu kimi çatdırmaq cəhdidir. Bu isə onların çoxuna müyəssər olmur və həm də yanlış yoldur. Hiss olunur ki, yaradıcı düşünüb mətnə əlavələr etməyi bacarmayan belə şagirdlər əsərin sözlərini az qala əzbərləyib çatdırmağı qarşılarına məqsəd qoyurlar. Bu, çox zərərlidir; təkcə şifahi nitqin inkişafının qarşısına sipər çəkməklə məhdudlaşmır, həm də məktəblilərin müstəqil, yaradıcı düşüncələrini ləngidir”.
Müəllif belə situasiyalarda təklif etdiyi tapşırıqları şərh edir; şagirdləri kiçik bədii parçalara əlavələr edərək yaradıcı danışmağa istiqamətləndirməklə əldə etdyi uğurları oxucularla bölüşür.
Vəsaitin əsas bölmələrindən biri pedaqoji anlayışlara və təlim metodlarının təsnifatı ilə bağlı məsələlərin aydınlaşdırılmasına həsr edilmişdir. Ədəbiyyat təliminin metodları ilə bağlı araşdırmalara münasibət bildirən müəllif təklif olunanları – yaradıcı oxu və yaradıcı tapşırıqlar metodu, evristik metod, tədqiqat metodu, şərhedici (reproduktiv-yaradıcı) metod – təhlil etmiş, güclü və zəif cəhtlərini aydınlaşdırmağa çalışmışdır.



Yeni təlimi yanaşmalarla bağlı yazıların toplandığı bölmə də vəsaitin maraqla qarşılanan hissələrindəndir. Burada fəal/interaktiv təlimə, ”texnologiya” anlayışına, ədəbiyyat fənn kurikulumuna, yeni təlim metodlarına və s. münasibət bildirilmişdir. "Texnologiya” və "metodika” anlayışlarının oxşar və fərqli cəhətləri barədəki fikirləri təhlil edən müəllifin fikrincə, "texnologiya” anlayışı "metodika” anlayışını əvəz edə bilməz. Yaranan yeni texnologiyanı məhz metodika elmi ətraflı öyrənir və ona münasibət bildirir. Məsələn, yeni təlimi yanaşmanın – fəal/interaktiv təlimin ilk vaxtlar yalnız treninqlərdə mənimsənilmiş bilik və bacarıqlar əsasında tətbiq edildiyi və bunun zaman baxımından xeyli yubandığı məlumdur. Eşitdikləri ilə məhdudlaşan və ancaq gördüklərini tətbiq edən müəllimlər tərəfindən müəyyən nöqsanlara yol verilirdi. Müəllif araşdırmasının sonunda gəldiyi qənaəti elan edir: Metodika, necə deyərlər, genişqəlbli, zəngin ev sahibi kimi, yeni yaranan texnologiyaları öyrənir, sınaqdan çıxarır, qəbul edir, qayğısına qalır və ona öz yerini göstərir. Metodika elmi fənnin mahiyyətini, məqsəd və vəzifələrini, digər elmlərlə əlaqələrini, təlimin təşkili formalarını, tədris mühitini və s. və i.a. araşdırır və özünəməxsus tədqiqat metodlarına söykənir. Texnologiya necə sualına, metodika nə, necə, nə qədər, hansı şəraitdə ... kimi onlarla mühüm suallara cavab verir.
Soltan Hüseynoğlunun təlim prosesində yeni mövzuya maraq oyadılması, problemli təlim, problem-situasiyanın yaradılması, şagirdlərin tədqiqatçılığa sövq edilməsi, yazıçının yaradıcılığının öyrədilməsi və s. ilə bağlı kreativ fikirləri bu gün orta və ali məktəbdə ədəbiyyatın tədrisində aktuallığını saxlamaqdadır. Ədəbiyyat fənn kurikulumunun yaradıcılarından olan, ali məktəblər üçün dəyərli dərs vəsaitləri, ümumtəhsil məktəblərinin V-XI sinif yeni nəsil "Ədəbiyyat” dərsliklərinin müəllifi Soltan Hüseynoğluya elmi yaradıcılığında uğurlar diləyir və vəsaitin ədəbiyyat müəllimlərinin stolüstü kitabına çevriləcəyinə əminliyimizi ifadə etməkdə həmkarımızla qürur duyuruq.

Nazilə Abdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru, dosent