:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DİM dərsliklərin monitorinqlərinin nəticələrini açıqlayıb

Font

Dövlət İmtahan Mərkəzi (DİM) dərsliklərin və qiymətləndirmə materiallarının monitorinqinin nəticələrini açıqlayıb.

APA-nın xəbərinə görə, DİM-in illik hesabatında qeyd edilib ki, müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla şöbə tərəfindən 5-11-ci sinif dərslikləri əsasında 110 "Qiymətləndirmə tapşırıqları” kitabçası (Azərbaycan və rus dillərində), "Kimya”, "Riyaziyyat”, "Fizika”, "Coğrafiya”, "Tarix”, "Ədəbiyyat”, "Azərbaycan dili”, "Rus dili”, "Literatura”, "İngilis dili”, "Fransız dili”, "Alman dili”, "Rus dili (xarici dil kimi)”, "Azərbaycan dili (dövlət dili”) vəsaitləri, "İngilis dili lüğəti”, "Azərbaycan dilinin orfoqrafiya lüğəti” yenidən hazırlanıb. Siniflər üzrə "Qiymətləndirmə tapşırıqları” kitabçalarında verilmiş materiallardan şagirdlər yeni tipli tapşırıqlarla işləmək bacarıqlarına yiyələnmək, müəllimlər isə məktəbdaxili (diaqnostik, formativ və summativ) qiymətləndirmə aparmaq üçün istifadə edə bilərlər. DİM tərəfindən müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla, ümumtəhsil məktəblərin 1-4-cü sinifləri üçün qiymətləndirmə tapşırıqları kitabçaları hazırlanıb. Kitabçalardakı tapşırıq variantlarından məktəbdaxili qiymətləndirmədə istifadə edilə bilər.

İl ərzində Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin 1, 4, 7 və 8-ci sinifləri üçün hazırlanmış 57 dərslik komplektinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin (Azərbaycan və rus bölmələri üzrə birlikdə) elmi-metodiki monitorinqi və qiymətləndirilməsi aparılıb. Monitorinq və qiymətləndirmə Təhsil Nazirliyinin təsdiq etdiyi "Dərsliklərin qiymətləndirilməsi meyarları”na uyğun olaraq hər bir dərslik komplektinin layihəsinin fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu, məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, müəllim üçün metodik vəsaitin məzmunu baxımından aparılıb. Qiymətləndirmə nəticəsində hazırlanmış yekun rəylər Təhsil Nazirliyinə təqdim edilib. 3 Beynəlxalq Təlim və Layihə Mərkəzinin sifarişi əsasında 10-11-ci siniflər üçün hazırlanmış "İnformatika” dərslik komplektlərinin (2 komplekt (dərslik və müəllim üçün metodik vəsait)) də fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu, məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, müəllim üçün metodik vəsaitin məzmunu baxımından monitorinqi və qiymətləndirilməsi aparılıb. Yekun rəylər Beynəlxalq Təlim və Layihə Mərkəzinə təqdim edilib.

Respublikanın ümumtəhsil məktəblərində 2019-cu ildə istifadədə olan 5-11-ci sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Monitorinq nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, məzmun uyğunsuzluqları, tərcümə qüsurları müəyyənləşdirilib və bankın təkmilləşdirilməsində, imtahanların sual kitabçalarının formalaşdırılmasında xidməti istifadə üçün metodiki tövsiyələr hazırlanıb. Tövsiyələr kitabça şəklində nəşr edilərək müvafiq şöbələrə təqdim edilib.