:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda bütün növ tikinti obyektlərinin istismarına icazələr elektron sistem vasitəsilə veriləcək

Font

2020-ci ildə "Bir pəncərə" portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə də icazələrin alınması mümkün olacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, hazırda bu istiqamətdə müvafiq yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq təşkil edilir və lazımi hazırlıq tədbirləri görülür.

"Bir pəncərə" elektron müraciət sistemi "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb.

Hazırda məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsinə hədəflənən "Bir pəncərə” elektron sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Komitə tərəfindən elektron portala yeni xidmət növləri əlavə edilməkdədir.

Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.

Cari ilin fevral ayında istifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, bu gün artıq portalın ölkə üzrə əhatə dairəsi genişləndirilir. Ötən aylar ərzində sistem pilot layihə olaraq Lənkəran iqtisadi rayonu (Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad) üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Ardınca mərhələli şəkildə portala digər rayonlar da inteqrasiya edilərək, onların ümumi sayı 56-ya çatdırılıb.