:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Akademik Musiqili Teatrda 110 yaşlı "Ər və arvad” tamaşası oynanılacaq

Font

21 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin ölməz əsəri, şərqin ilk operettası – "Ər və arvad” musiqili komediyası nümayiş olunacaq.

Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və yarandığı tarixdən (1909) indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən sevilən bu səhnə əsəri nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda da müxtəlif rejissorların təqdimatında daim uğurla nümayiş olunur, çox böyük maraq və coşquyla qarşılanır.

Teatrın möhtəşəm səhnəsində 80-ci dəfə oynanılacaq bu tamaşanın sonuncu quruluşu (16.10.2010) tanınmış rejissor Yusif Əkbərova aiddir, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.
Rolları Xalq artistləri – professor İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar – Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları ifa edəcəklər.
Akademik Musiqili Teatr həftəsonunu əyləncəli keçirmək istəyən hər kəsi əsrlərə meydan oxuyan, hamıya xoş ovqat bəxş edən 110 yaşlı "Ər və arvad” tamaşasına baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən, eləcə də "ITicket.az” saytından əldə etmək olar.