:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Şikarov :Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq

Font

Müasir müstəqil Azərbaycan dövlətinin hazırki inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz ulu öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxmış, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə etmişdir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyətdir. Dünyamiqyaslı ictimai-siyasi xadimin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Dahi şəxsiyyətin yüksək mədəniyyəti, dərin biliyi, iti zəkası və ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı.
Azərbaycan xalqının ümummilli lideri nəinki xalqımız, bütövlükdə türk dünyası üçün əvəzsiz bir fenomendir. Heydər Əliyevin ölkəmizin ən yeni tarixində, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində yeri və roluna nəzər salarkən Onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərin, altına imza atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin etdi. Eyni zamanda, müstəqillik dövründə ulu öndərin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində müasir və qüdrətli Azərbaycan inşa edildi.1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, tərəqqi yoluna qədəm qoyuldu. Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Ümummilli liderin dühası, çox böyük nüfuzu sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşdı. Bir sözlə, Azərbaycan inkişaf yoluna çıxdı.
Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu bir dövr Azərbaycanın çoxəsrlik tarixində dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib.
Ulu öndərin yaratdığı dövlətçilik ənənələrinə sadiqlik, milli mənafeləri hər şeydən üstün tutmaq prinsipləri bugünkü Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində əsas rol oynamışdır və həmin prinsiplərə bu gün də ciddi əməl olunur. Ölkə başçısı İlham Əliyev tərəfindən yürüdülən siyasət nəticəsində Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. 16 ildir ki, ulu öndər cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Heydər Əliyev ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, soydaşlarımız doğma yurdlarına qayıdacaq, Azərbaycan dövləti daim regionun aparıcı dövləti olaraq qalacaq, xalqımız Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcəkdir.