:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir: İndiyədək TANAP-la Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql edilib

Font

Ötən ilin iyul ayından indiyə kimi Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql edilib.

Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya qazın çatdırılmasını təmin edəcək əsas həlqə – Trans-Adriatik qaz boru kəməri (TAP) üzrə isə işlərin icra vəziyyəti 90%-ə yaxındır.

"2020-ci il Avropanın uzun illərdir müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi bir il olacaq. Bunun üçün Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə Azərbaycanın layiq görülməsi də məhz Cənubi Qaz Dəhlizinin strateji roluna verilən qiymətdir. Bu dəhlizin diversifikasiya və qitənin dekarbonizasiyası kimi prioritetlərə gözlənilən töhfəsinin təsdiqidir", - deyə nazir qeyd edib.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.