:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yeni zamanlara doğru mübarizə simvolu

Font

Ta ibtidai icma quruluşundan üzü bəri yenilənməyə meylli irili-xırdalı bütün dəyişikliklər meydana "nə etməli?” fəlsəfi sualı ilə qədəm qoyublar. Daha fundamental şəkildə dəyişilən dövrlərsə yeniləşən zamanlara ehtiyac duyublar. Bu da təbiidi. Zamanları yeni-yeni axarlara doğru, həm də düzgün istiqamətdə aparmaq istəyi tərəqqipərvər hər kəsin arzusu, niyyəti olmalıdır. Axı zamanı yerində durdurmaq olmaz. Durduranlar, durdurmaq istəyənlər də tapılır. Amma onlar həyatımızın dinamik inkişafına, qanunauyğunluqlarına qarşı yersiz dirəniş göstərənlərdir. Zamanla bu axına qarşı dayananlar da dünyanın gedişiatına məğlub olub proporsiyanın ağuşuna düşürlər.

Sonunculardan danışmaq niyyətində deyilik. Onlarla qoca tarix özü haqq-hesab çəkər. Dünyamızı yeni zamanların – gələcəyin işığına çəkmək məqsədilə düz 20 il öncə ilk nüsxəsi çapdan çıxan "Yeni Zaman” və "Novoye Vremya” qəzetlərinin yaradıcılarını, onu çox az hallarda rəvan, əsasən "iynə ilə gor qaza-qaza” min bir bəlalardan qoruyub bu günümüzə gətirənləri – başda təsisçi Musa Ağayev olmaqla qəzetin baş redaktoru Şakir Habiloğlunu, illərlə bu yükün daşınmasında yardımçı olmuş qəzetin direktoru Məzahir Məmmədlini, yeni əməkdaş Habil Ağazadəni və bu sətirlərin müəllifi də daxil ömrünün müəyyən hissəsi "yeni zamançılıq”dan keçmiş onlarla həmkarımızı, həmçinin texniki personalı təbrik etmək keçdi ürəyimdən.
...Qəzetçilik bütün xalqların taleyinə yazılmayıb demək bəlkə də ədalətsizlik olardı. Əvvəldə qeyd etdiyim kimi, əgər dünyanın küll halında yenilənməyə ehtiyacı labüddürsə, bu inkişafdan pay götürmək Uca Yaradanın yaratdığı hər kəsin haqqıdır. Ancaq yeniliklərə, sivil inkişaf forma və qaydalarına sahiblənmək hər xalqın, hər kəsin çəkə biləcəyi yük sayılmır. Azərbaycan xalqısa o xalqlardandır ki, əlinə düşdüyü kiçicik imkandan belə yararlanaraq sərt qanunlar, senzuralar altında da qəzet çap etməyə nail oldu. Rəhmətlik Həsən bəy Zərdabi "Əkinçi”ni ortaya qoymaqla həm öz xalqının gözünü açdı, həm istisnasız olaraq xalqının "qiraət müəllimi” statusuna sahibləndi, həm də bizim imkan veriləcəyi təqdirdə çox mədəni, sivil bir xalq kimi dünya birliyinə qovuşacağımızı konkret olaraq sübuta yetirdi. Onun zamanında zülm-zillətlə sübuta yetirilmiş bu faktları indi forma və məzmunca daim yenilənən media qurumlarımız əyani şəkildə ortaya qoya bilirlər. Mən sevinirəm ki, onların sırasında ömrünün 20-ci baharını qeyd edən "Yeni Zaman” və "Novoye Vremya” kimi media qurumlarımız da var.
Bu yubiley günlərində sizə arzularımız sonsuzdur. Elə sizdən istəklərimiz də. Arzu edirəm, qarşıdakı hələ bir sıra onilliklərin, iyirmiilliklərin sınağından üzüağ, ayaq üstə çıxmaq, Azərbaycan ictimaiyyətinə yeni-yeni, xüsusilə qələbə soraqlı məlumatlar çatdırmaq səadəti nəsibiniz olsun!
Yeniləşən "Yeni Zaman”lara doğru!

Nəzirməmməd Zöhrablı
jurnalist-publisist