:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə görüşüb

Font

Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi mühüm əhəmiyyəti baş katibin diqqətinə çatdırıb. Tərəflər ATƏT-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən Azərbaycanın iştirakı ilə həyata keçirilən və ATƏT məkanında iqtisadi inkişafa töhfə verən layihələr üzrə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin ATƏT-lə Azərbaycan arasında mövcud əməkdaşlıq proqramları nəzərdən keçirilib.

Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu qeyd edib. Daha sonra xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin mövcud vəziyyəti, o cümlədən Minsk Qrupunun Həmsədrləri ilə Nyu-Yorkda baş tutmuş ən son görüş barədə həmsöhbətinə ətraflı məlumat verib.

Nazir Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı və BMT TŞ-nin müvafiq qətnamələri əsasında, eləcə də ATƏT və digər təşkilatların qərar və qətnamələrinə uyğun olaraq həllinin vacibliyini vurğulayıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyə, eləcə də tərəqqiyə nail olmaq üçün münaqişənin həllinin vacib şərt olduğunu bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.