:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Novruz Məmmədov: "Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir"

Font

"Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir".

Bu sözləri Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasındakı çıxışında deyib.

Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən danışan Novruz Məmmədov bildirib ki, dövlətlərimizin başçılarının bir-birinə göstərdiyi səmimi dəstək və qardaşlıq münasibətləri hər birimiz üçün örnəkdir. Bunun nəticəsidir ki, hər iki dövlətin imza atdığı iri beynəlxalq layihələr uğurla həyata keçirilir. Birgə həyata keçirdiyimiz layihələr bizi daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və eləcə də digər layihələr təkcə ölkələrimiz üçün deyil, bütün regionumuz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə də töhfə verir.

Baş Nazir qeyd edib ki, indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın keçirilən 7 iclasında həllini gözləyən bir çox məsələlər üzrə qərarlar qəbul edilib, onların icrası təmin olunub. Həmçinin ali və yüksək səviyyəli görüşlərdə bir çox mühüm məsələlər müzakirə edilib və imzalanan sənədlərdə nəzərdə tutulmuş müddəalar bizə daha fəal çalışmaq üçün geniş imkanlar yaradıb. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə ildən-ilə daha da genişlənməsi və möhkəmlənməsi bunun bariz nümunəsidir.

Novruz Məmmədov deyib: "Bildiyiniz kimi, ticarət-iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə daha da dərinləşən münasibətlərimiz iki qardaş ölkənin mənafeyinə və xalqlarının gələcəyinin firavan olmasına xidmət edir”.

Baş Nazir diqqətə çatdırıb ki, qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi bizi məmnun edir. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu mənada Petkim neft-kimya kompleksini və Star neft emalı zavodunu xüsusi qeyd etmək istərdim. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın və etibarlı tərəfdaş olsun.

"Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Türkiyə daim bizim yanımızdadır”, - deyən Novruz Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İndiyədək bütün sahələrdə göstərilən yardımlara, xüsusən də Azərbaycan üçün çox böyük önəm daşıyan müdafiə, müdafiə sənayesi, tibb və təhsil sahələrində köməyi yüksək qiymətləndiririk. Ermənistanın hərbi təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına göstərilən daimi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.