:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qarabağ" "Linfild"ə məğlub olub

Font

Azərbaycan çempionu "Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Çempionlar Liqasındakı uğursuzluqdan sonra Avropanın ikinci dərəcəli klub turniri olan Avropa Liqasına yuvarlanan Qurban Qurbanovun yetirmələri Şimali İrlandiyanın "Linfild” klubu ilə görüşüb.

Təmsilçimiz pley-off mərhələsinin ilk oyununu səfərdə keçirib. Belfastın "Vindzor Park” stadionundakı qarşılaşmaya daha fəal başlayan Ağdam klubu ilk yarıda hesabı açmağa müvəffəq olub. Faysal Rerras meydan sahiblərini məyus edib.

Lakin Şimali İrlandiya çempionu fasiləyədək nəinki hesabı bərabərləşdirib, hətta önə də çıxıb. Hər iki halda standart vəziyyətdən qapı önünə ötürmələr qolla nəticələnib. Buraxılan qollar zamanı "Qarabağ”ın müdafiəçiləri mərkəzdə rəqibi zərərsizləşdirə bilməyib.

İkinci hissədə çempionumuz məğlubiyyətdən qaçmaq istəyi ilə irəli atılıb. Lakin şimali irlandiyalıların da həmlələri təhlükəli alınıb. Sürətli əks-hücumlardan birində "Linfild” 3-cü qolu vurub. Abbas Hüseynovun səhv etdiyi epizodda Qara Qarayev də onu sığortalamaqda aciz olub. Ağdamlılar görüşün sonunda bu qollardan birinin əvəzini penaltidən çıxa bilib. Maqaye Qeye 11 metrlik nöqtədən dəqiq olub – 2:3.

Beləliklə, səfərdə 2:3 hesabı ilə uduzan "Qarabağ” ardıcıl ikinci məğlubiyyətini alıb. Bundan öncə evdə APOEL-ə 0:2 hesabı ilə uduzan çempion ardıcıl 6-cı dəfə qrupa düşmək üçün cavab matçında mütləq qalib gəlməlidir.

Qeyd edək ki, Bakıda keçiriləcək cavab oyunu avqustun 29-da baş tutacaq.