:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qarabağ" Kiprdə Azərbaycanın 100-cü avrokubok qələbəsini qazanıb

Font

Çempionlar Liqasında III təsnifat mərhələsi start götürüb.

Azərbaycan çempionu "Qarabağ” Kiprin APOEL klubu ilə qarşılaşıb.

Səfərdə oynayan Ağdam klubu Nikosiyadakı GSP stadionuna qələbə iddiası ilə çıxıb. Oyunun bərabər mübarizə şəraitində keçən ilk yarısında qol vurulmayıb.

Fasilədən sonra daha yaxşı təsir bağışlayan Qurban Qurbanovun yetirmələri qələbə qazandıran qollara imza atıblar. Öncə Mahir Emreli, ardınca Queye Maqaye meydan sahiblərinin qapısına yol tapıblar. Kiprlilər isə yalnız təsəlli qolu vurmağa nail olublar.

Bu, Ağdam klubunun cari mövsümdə ilk səfər qələbəsi olub. Əvvəlki mərhələlərdə rəqib meydanında heç-heçə, evdə qələbə prinsipi ilə irəliləyən "Qarabağ” bu dəfə ilk qarşılaşmada cütün taleyinə böyük ölçüdə aydınlıq gətirib. Çünki APOEL Bakıda ən azı iki qol vurmalıdır ki, bu da o qədər inandırıcı deyil.

Bunadək Albaniya "Partizani”si (0:0, 2:0) və İrlandiya "Dandalk”ını (1:1, 3:0) mübarizədən kənarlaşdıran çempionumuz məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Kiprdə əldə olunan qələbə həm də tarixi əhəmiyyət kəsb edib. Bu, Azərbaycan klublarının avrokuboklar tarixində qazandığı yubiley - 100-cü qələbə olub.

Qeyd edək ki, "Qarabağ”la APOEL arasında cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək. Bu cütün qalibi pley-offda PAOK (Yunanıstan) – "Ayaks” (Hollandiya), məğlubu isə Avropa Liqasının pley-offunda "Sutyeska” (Monteneqro) – "Linfild” (Şimali İrlandiya) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
Çempionlar yolu
6 avqust
21:00. APOEL (Kipr) – "Qarabağ” (Azərbaycan) - 1:2
QOLLAR: Merkis, 90+5 - Emreli, 54, Maqaye, 69