:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda narkoloji müalicə müəssisələrinin və narkoloqların sayı artırılacaq

Font

Azərbaycanda narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrinin sayı artırılacaq.

Bu, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.

Tədbirlər Planında qeyd edilib ki, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması da nəzərdə tutulur. Bu tədbirlər 2024-cü ilədək Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Plana əsasən, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzi yaradılacaq.

Mərkəzin yaradılması bu il ərzində Nazirlər Kabineti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrup tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.

2018-ci ildə də ölkədə narkoman qadınların sayı artaraq 626 nəfərə çatıb.

Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən - tiryək, heroin və kokosdan istifadə edirlər.