:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xələf Xələfov: "Avqustda Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə baxış keçiriləcək"

Font

"Azərbaycan və Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin növbəti baxışının keçirilməsi üçün hələ vaxt təyin olunmayıb, bu barədə müzakirə aparırıq".

Bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfovun sözlərinə görə, avqust ayında ekspertlərin növbəti baxışı təşkil olunacaq: "Ekspertlər razılaşdırılmamış hissələrə baxış keçirəcək, sənədləri bir daha araşdıracaq, ümumi təklifləri hazırlayıb təqdim edəcəklər. Biz bundan sonra Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası komissiyasının növbəti iclasının tarixlərini müəyyən edəcəyik".

"Moskva şəhərində Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələlərinə dair beştərəfli formatda aparılan danışıqlar ətrafında ikitərəfli məsləhətləşmələr aparmışıq".

Bunu da Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Rusiya Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovla Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələləri müzakirə ediblər: "Görüşdə fikir mübadiləsi aparmışıq, ümumi mənzərəni müşahidə edib, monitorinq keçirmişik. Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsinin bir çox maddələri üzrə razılaşma əldə olunub, bir çox maddələri isə açıq qalıb. Açıq qalan maddələr ətrafında fikir mübadiləsi aparmışıq. Razılaşmanın əldə olunmasına xidmət edən ümumi platformanın möhkəmlənməsi üçün səylər göstərmişik ki, mövqeləri yaxınlaşdıraq".

Qeyd edək ki, iyulun 4-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.(apa)