:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanlı investorlar Şimali Qafqazda kurort infrastrukturuna böyük vəsait yatıracaq

Font

Rusiyanın Stavropol diyarında Azərbaycan sərmayədarları tərəfindən vəsait yatırılan iki kurort kompleksinin tikintisi 2021-ci ilədək başa çatacaq.

Bu barədə "Report”a müsahibəsində Rusiyanın Şimali Qafqaz işləri üzrə nazirinin müavini Olqa Ruhullayeva bildirib.

2018-ci ildə azərbaycanlı sərmayədarların iştirakı ilə Jeleznovodsk müalicəvi kurortunda sanatoriya tikintisinin layihəsinin həyata keçirildiyini qeyd edən nazir müavini burada 222 nömrəlik iki yaşayış korpusunun, müalicə korpusunun, konfrans salonlarının, SPA, iki salonluq yeməkxananın inşa olunacağını, layihənin isə 1,5 milyard rubl dəyərində olduğunu qeyd edib.

"Habelə Kislovodsk şəhərində də azərbaycanlı sərmayədarlar tərəfindən 420 yerlik "Rusel” sanatoriyasının tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda layihəyə dair sənədlər tərtib olunur. Maliyyə dəyəri, təqribən, 2 milyard rubl təşkil edəcək”, - deyən rusiyalı rəsmi bununla yanaşı, Kislovodskdə "Akademiçeskiy” sanatoriyasının yenidən qurulmasına dair müvafiq sənədlərin hazırlandığını diqqətə çatdırıb.

Bu layihəyə dair 2017-ci ilin aprel ayında bir azərbaycanlı sərmayədarla niyyət protokolu imzaladıqlarını vurğulayan rusiyalı nazir müavini həmin yerdə beynəlxalq standartlara uyğun 13 min kvadratmetrlik müasir sanatoriya-kurort kompleksinin ərsəyə gələcəyini, layihəyə 2,8 milyard rubl məbləğində maliyyə yatırılacağını qeyd edib.

Azərbaycanlı sərmayəçilərin iştirak etdiyi başa çatdırılan layihələrdən danışan O.Ruhullayeva 2016-cı ildə Yesentukidə "Karat Holding” tərəfindən 1,5 milyard rubldan artıq sərmayə ilə 444 yerlik "İstoçnik” sanatoriyasının inşa olunduğunu xatırladıb.

Stavropol diyarındakı müalicəvi istirahət infrastrukturuna yatırımlarla bağlı azərbaycanlı sərmayədarlarla əməkdaşlığın müsbət yöndə inkişaf etdiyini diqqətə çatdıran rusiyalı məmur diyar hökuməti tərəfindən də sözügedən sahəyə yatırımların əmlak vergisindən azad olunduğunu, mənfəət vergisində də imtiyazlar tətbiq edildiyini söyləyib.