:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Bu, dünya miqyasında hadisə oldu"

Font

Üç gün ərzində – 6-8 iyunda Sankt-Peterburqda 23-cü beynəlxalq iqtisadi forum keçirilib. Forumun müxtəlif ölkələrin biznesi üçün əhəmiyyətli meydança olduğunu demək heç nə deməməkdir. Axı dünyadakı 193 ölkədən 145-i burada təmsil olunurdu. Forumun işində 19 min nümayəndə iştirak edirdi. Tədbirə 6 ölkənin, o cümlədən Çinin rəhbəri Si Tszinpin də gəlmişdi. 14 ölkə isə vitse-prezident, baş nazir səviyyəsində təmsil olunurdu.

Forumun işində BMT-nin baş katibi Antonio Quterriş də iştirak edirdi. Ən böyük nümayəndə heyəti Çindən gəlmişdi – 1072 nəfər. ABŞ-ın rəsmi şəxsləri tədbirə gəlməsə də, oradan 520 nəfər forumda idi. Fransa, Yaponiya, Böyük Britaniya (318), Almaniya, İsveçrə də forumda geniş təmsil olunurdu. Peterburq forumu ölkə-iştirakçı sayı ilə göstərdi ki, Rusiyanın izolyasiyası haqda söhbətlər mifdən başqa bir şey deyil. Forum partnyorlarının sayı keçən illə müqayisədə 1,5 dəfə çox idi. Bu forumda təkcə iştirakçı sayı ilə yox, həm də sövdələşmələrin miqdarına görə də rekord qeydə alındı. Ümumilikdə 3,1 trilyon rublluq 650 sövdələşmə imzalandı. Bu razılaşmalar müxtəlif sferaları (informasiya, infrastruktur layihələri, dərman, nüvə enerjisi, rəqəmsal texnologiya) əhatə edir. Bununla yanaşı, Rusiya forumda indi innovasiya adlandırılan elektron və rəqəmsal məhsullarını uğurla irəli sürdü.

"Novoe Vremya”nın yazdığı kimi, Azərbaycan nümayəndə heyəti forumda iştirak etdi, bir çox görüşlər keçirdi, Rusiya-Azərbaycan biznes-dialoqu baş tutdu.

İqtisadi forum çərçivəsində Azərbaycan və Leninqrad vilayətləri arasında ticarət, elmi-texniki və mədəniyyət sahələri üzrə müqavilələr imzalandı. Razılaşmalar təsərrüfat subyektləri arasında birbaşa əlaqələri, qida məhsullarının birgə sərgisi və yarmarkalarının təşkilini, elmi-texniki sahədə əməkdaşlığın gücləndirilməsini, təhsil, elm, səhiyyə, idman və turizm sahəsindəki təşkilatlararası əlaqələrin yaradılmasını nəzərdə tutur. Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə "Roskonqress” fondu arasında əməkdaşlıq müqaviləsi imzalandı.
İndi iki ölkə arasında aqrar-sənaye kompleksində əməkdaşlığın aktivləşdirilməsi, turizm əməkdaşlıq proqramı, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə birgə tədbirlər planı, milli valyutalarda qarşılıqlı əməliyyatlar həcminin artırılması məsələləri işlənib hazırlanır.


İki ölkə arasında əməkdaşlığın hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı Azərbaycanın və Rusiyanın iqtisadiyyat nazirləri danışdı. Şahin Mustafayev qeyd etdi ki, 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi 19 faiz artaraq 2,5 milyard dollara çatıb. 2019-cu ilin nəticələri də yüksəkdir – birinci kvartalda ticarət dövriyyəsi 23 faiz artıb.
Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiya ilə investisiya sahəsində də uğurla əməkdaşlıq edir. "Azərmaş” və Qorkov avtomobil zavodu (QAZ) müqavilə imzalayıb, Hacıqabul sənaye kvartalında QAZ avtomobillərinin istehsalı zavodunun bünövrəsi qoyulub. Bir müddət əvvəl Pirallahı sənaye parkında əczaçılıq zavodunun inşasının birinci mərhələsi başa çatıb.

Nazir maliyyə sahəsində də uğurlu əməkdaşlığı qeyd etdi. "Qazprombank”ın maliyyələşdirilməsi sayəsində Sumqayıtdakı SOCAR Polymer zavodunun tikintisi başa çatıb. Bu bank "Azərkimya” Sənaye Birliyinin yenidən qurulmasını və başqa layihələri də maliyyələşdirir.

Mustafayev dedi ki, 2019-cu ildə Saknt-Peterburqda və Yekaterinburqda Azərbaycan şərab evləri açılacaq.

"İndi Rusiyada "Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi reallaşdırılır. Layihə çərçivəsində bu ilin martında Moskvada mağaza açılıb. Gələcəkdə analoji mağazaların Rusiyanın başqa şəhərlərində də açılması planlaşdırılır”, – nazir belə dedi.

O qeyd etdi ki, Azərbaycan Rusiyanın 80 bölgəsi ilə əməkdaşlıq edir, dövlət rəhbərləri də bu formata siyasi dəstəyini göstərir.
Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin tərəflərin Rusiya ilə Azərbaycan arasındakı biznes əlaqələrinin uğurlu inkişafını maksimum təminatı üçün bütün gücünü ortaya qoymağa hazır olduğunu qeyd etdi.

O, məlumat verdi ki, tərəflər 2018-ci ildə sadə ticarət üçün yaranan baryerləri aradan qaldırmağa böyük diqqət ayırmışdı. "Artıq biz zəngin tikinti kompleks layihələri, texnologiyaların birgə inkişafı, üçüncü ölkələrin bazarlarına məhsulların birgə təchizatı barədə danışırıq. Hərtərəfli logistika layihələrinə, yəni Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da yaxşılaşmasına və iş yerlərinin sayının artmasına imkan verəcək hər şeyə əl atırıq. Bütün bunlar, əlbəttə, ölkələrimizin iqtisadiyyatlarının inkişafında əks olunacaq”, – nazir bildirdi.

Forumda razılaşma əldə olundu ki, Rusiya tərəfi xüsusilə kənd təsərrüfatı məhsulları ilə bağlı ehtiyacı haqda informasiya verəcək. Bununla da İqtisadiyyat nazirliyi Azərbaycan istehsalçılarını Rusiya bazarının hansı seqmentlərində məhsula ehtiyac olması barədə məlumatlandıracaq. Bununla yanaşı, Azərbaycan tərəfi rusiyalı tərəfdaşlarla birlikdə məhsulların istehsalını, emalını, logistikasını təmin etməyə, Rusiyaya bu məhsulların vaxtında və keyfiyyətli səviyyədə çatdırılması üçün lazımi tədbirlər görməyə hazırdır.
Peterburq iqtisadi forumunda "Novoe Vremya”nın baş redaktoru Şakir Ağayev də iştirak edib. Bizimlə təəssüratlarını bölüşməsini istədik:

"Təəssüratlar möhtəşəmdir. İştirakçıların böyük sayda olması, "Ekspoforum” konqress-sərgi mərkəzinin geniş ərazisi, çoxlu sayda tədbirlər… Və bütün görüşlər, tədbirlər, müzakirələr yüksək səviyyədə təşkil olunmuşdu. Diskussiyalar və görüşlər çox maraqlı idi və iştirakçılar heç bir məhdudiyyət olmadan hər hansı problemlə bağlı fikrini deyə bilirdi. Həm Rusiya bölgələri, həm də xarici şirlətlər üçün təcrübə və fikir nübadiləsi imkanları yüksək idi. Forumun bir hissəsi kimi təşkil edilən sərgi maraqlı oldu, burada Rusiya regionları və xarici şirkətlər öz imkanlarını, məhsullarını təqdim etdilər… Azərbaycan nümayəndə heyəti də forumda yaxşı iştirak etdi – hər iki ölkənin iqtisadiyyat nazirlərinin və iş adamlarının iştirak etdiyi biznes-dialoq da baş tutdu. Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom” şirkətləri arasında görüş də keçirildi. Hesab edirəm ki, Azərbaycanın bu böyük tədbirdə iştirakı çox vacibdir və ölkəmizin iqtisadiyyatı üçün faydalıdır”.