:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Təhsil Nazirliyi: Yalnız 2012-ci ildən sonra kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaq

Font

Bu il kollec məzunlarının ali məktəbə qəbul şansı çox olacaq.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, qəbul planının artması məzunlar üçün bu imkanı artırıb. Y.Piriyev bildirib ki, 2019-2020-ci tədris ili üçün ali məktəblərə qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım var. Ötən il 45 599 nəfərlik plan yeri ayrılmışdısa, bu il qəbul planında 48 506 nəfərlik yer ayrılıb:

"Adətən qəbul planının dolma göstəricisi 90 % olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı da 7-8 min azdır. Bu da kollec məzunlarının ali məktəbə qəbul olmaq şansını artırır".

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova isə bildirib ki, kollec məzunları ali məktəblərə minimal 200-250 balla qəbul ola biləcəklər:

"Hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur. Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam minimal balı toplayıb və bu balla da ali məktəbə qəbul müsabiqəsində iştirak edəcək".

Yalnız 2012-ci ildən sonra kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaqlar.

Bunu da Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər. Eləcə də subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər.

Y.Piriyev bu qaydaların 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu zamanı tətbiq ediləcəyini söyləyib.

O bildirib ki, yeni qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər. Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək.

Y.Piriyev əlavə edib ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılacaq.