:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan Prezidenti: “Bu gün Çinlə siyasi münasibətlərimiz yüksək səviyyədədir”

Font

"Biz "Bir kəmər, bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik”.

Bunu Prezident İlham Əliyev Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə deyib.

"Bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz "İpək Yolu İqtisadi Kəməri” haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq”, - Azərbaycan Prezidenti əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini ölkəmizə səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.


Çin lideri: "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir"

"Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də "Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram”.

Bunu aprelin 24-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Cənab Prezident, Siz Çin xalqının çoxdanki dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır”, - deyə, o bildirib.

Si Cinpin: "Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

"Sizi Pekində bir daha salamlayıram, qarşıdakı "Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, "Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk”.

Bunu da aprelin 24-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Çin lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirib. O, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğulayıb. Si Cinpin "Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.