:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

QLOBALLAŞAN DÜNYADA İSLAM HƏMRƏYLİYİ MULTİKULTURAL DƏYƏRLƏRİN DAVAMI KİMİ

Font

Insan dünyaya gələndə əxlaqi və mənəvi cəhətdən pak, zəngin, xeyirxah olur. Yaşa dolduqca valideynlərin, müəllimlərin, onu əhatə edən ətraf mühitin, aldığı təhsilin ona əxz etdiklərindən faydalanır, önəm verdiyi dəyərlər onun milli intellektini formalaşdırır, öz tarixi kökünə, özünütanıtıma, özünüdərkə aparır. Əxlaqi dəyərlərin formalaşdırılması ilk növbədə ailədə, adət və ənənələrdə ifadə olunur.
Cəmiyyətin uzunmüddətli tarixi inkişaf prosesində ibtidai insan xeyir və şəri bir-birinə qarşı qoymaqla, şüurda əxlaq anlayışını, onun dialektikasını formalaşdırır. Təbii ki, insanlarda şüur formalaşmadan öncə əxlaq da olmayıb. Təfəkkür inkişaf etdikcə, insan daha bir irəliləyişi – cinslər arasında fərqi duyur və bu fərqə münasibətdə kor-koranə "ehtiyatlanır”. İnsanların sosial-ictimai durumundakı bərabərsizlik etik-psixoloji situasiyalara keçir. Davranış vərdişlərinin əxlaqi tənzimini ibtidai insan adətlər, ənənələr, ayinlər və s. vasitəsilə həyata keçirirdi. Bu əxlaq normaları sadə, lakin hamı üçün məcburi idi. Bu normalar insanı tədricən inkişaf etdirir, davranışını nizama salırdı. İnsanlar arasında sosial bərabərsizlik meydana gəldikdə, əxlaqın mahiyyəti də dəyişir, quldarlıq quruluşunda vahid əxlaqi normalar artıqsiniflərin mənafeyinə görə əxlaqa çevirir. İnsanda ləyaqət və şəxsiyyətin qiyməti haqqında yeni təsəvvürlər formalaşır. Əxlaq özünün əks qütbünə ̶ əxlaqsızlığa qarşı qoyulur. Məzlumun şərəfinə, heysiyyətinə, mənliyinə zalımın müdaxiləsi əxlaqi dəyərləri ucuzlaşdırır.
Sürətli inkişaf əsri sayılan XX yüzillik təbiət və cəmiyyətdə təbii ehtiyatların tükənməsi, enerji, ərzaq, şirin su qıtlığı, ekoloji eroziyalar, bütün sahələrdə kəskin ictimai fərqin yaranması ilə yanaşı, cinayət, terror, narkotik maddələrin alveri, uşaq alqı-satqısı, qadın alveri kimi problemlər də yaratmışdır.
Qloballaşmanın geniş vüsət aldığı – iqtisadiyyatdan, siyasətdən tutmuş təhsilə, mədəniyyətə qədər nüfuz etdiyi bir dövrdə bütün sosial-siyasi proseslər, iqtisadi, sosial, təhsil, mədəni və digər qurumların fəaliyyəti şəxsiyyətin inkişafına və kamilləşməsinə yönəlmişdir. Ümumavropa məkanına inteqrasiya, xüsusilə təhsildə yeni texnologiyaların tətbiqi, idarəetmə, innovativ irəliləmə dövrü qlobal dəyişikliklərlə yanaşı, multikultural dəyərlərin qorunmasını bu gün diqqət mərkəzində saxlayır.
Multikulturalizm dedikdə, eyni ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasət başa düşülür. Qloballaşan cəmiyyətdə multikulturalizm mövcud olan müxtəlif sosial qrupların, etnik birliklərin mədəniyyətlərinin, dinlərinin, adət-ənənələrinin toplaşdığı cəmiyyətdir. Adətən belə cəmiyyətlərdə mədəni toqquşmalar tez-tez baş verir və multikultural dəyərlərin qorunub saxlanılmasında çətinliklər ortaya çıxır.
Mədəniyyətlərarası mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadəetmə qloballaşma şəraitində müxtəlif dövlətlərin davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Getdikcə artmaqda olan qloballaşma müxtəlif cəmiyyətlərdə milli-mənəvi dəyərlərin dəyişilməsinə, adət-ənənələrin artıq yeniləri ilə əvəzlənməsinə gətirib çıxarır. Dini tolerantlıq bu zaman cəmiyyətdə sabitlik yarada biləcək mühüm məsələdir.Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı şəkildə zənginləşməsinə, xalqları birləşdirən vahid mədəniyyətin formalaşmasına səbəb olur. İnsanların gələcək mədəni birliyindən doğan bu məqsəd bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Hazırda dünyada bir sıra proseslər gedir. O proseslərin heç də hamısı xalqların müqəddəratının təmin edilməsinə, onların milli-mədəni dəyərlərinin, adət və ənənələrinin qorunmasına, onların əriyib itməsinin qarşısının alınmasına hesablanmayıb. Əksinə, o cərəyanların məqsədi müxtəlif mədəniyyətləri, adət-ənənələri, dünyagörüşləri bir məcrada birləşdirib onları mənsub olduqları xalqlardan, torpaqlardan qoparmaqdır. Son illər bu niyyətlə qloballaşma tərəfdarları insanların qarşısına çıxır. Qloballaşma zamanın "dünyaya gətirdiyi övlad" olsa da, bu övlad xalqların, dövlətlərin bir çoxu üçün arzuedilən deyil. Çünki o özü ilə insanlara böyük fəlakətlər, bəlalar gətirir. Onun tələbi bundan ibarətdir ki, sən əsrlər boyu yaradıb, qoruyub, tarixin çətin mərhələlərindən keçirib bu günə qədər gətirdiyin milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən imtina etməlisən. Təbii ki, bu da qəbul ünedilməsi mümkünsüz olan şərtdir. Q
Qloballaşma prosesi Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına, milli-mənəvi dəyərlərinə və mənəvi-əxlaqi meyarlarına da təsir göstərir. Qloballaşma ayrı-ayrı mədəniyyətləri və milli ənənələri, ideyaları, milli-mənəvi dəyərləri ümumdünya sistemi daxilinə qataraq sivilzasiyaların dialoqu üçün də şərait yaradır. Belə dialoq zamanı qarşılıqlı anlaşma, ayrı-ayrı mədəniyyətlərlə, ənənələrlə və dəyərlər sistemi ilə rastlaşarkən, onları inkar etmədən öz ənənələri və mədəniyyətinə, sadiq qalaraq başqa dəyərlərə hörmət etmək və anlaşmaq bacarığı tələb olunur. Qloballaşmanın sürətli axarına düşən Azərbaycan bu prosesdən ümumbəşəri dəyərləri əxz etsə də, özünün tarixi-mədəni keçmişindən gələn milli-mənəvi dəyərlər sistemini və ənənələrini də qorumağa çalışır.
Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir. Tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı ölkəmizdə bu gün sistemli və harmonik din siyasəti həyata keçirilir. Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq nüfuzunu artırır. İslam aydın və qəti olaraq bəyan edir ki, insanın yaradılışından məqsədi ilahi mənəviyyat qanunlarına salmaqla, Allaha yetişərək əbədi səadətə ̶dünya və axirət səadətinə qovuşmaqdır. Bu din bizə insanın dünya həyatının sınaq, fədakarlıq dövrü, gələcək əbədi həyata hazırlıq dönəmi olduğunu öyrədir. Deməli, bu dünyadakı həyatımızın əsas məqsədi qarşıdakı əbədiliyə lazımi şəkildə hazırlaşmaqdan ibarətdir. Dünya həyatı qısa və təkraredilməzdir, çünki insan yer üzündə yalnız bir dəfə yaşayır. Ona görə də, öz həyatımızı məhv etmək istəmiriksə, bu dünyada yaxşılıqlar etməli, saleh əməl sahibi olmalıyıq.
Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxmışdır. İnsanların vətəndaş cəmiyyətinə, hüquqi dövlətə və bir-birinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir. Xalqın aparıcı hissəsi etnik birliyin yaratdığı əxlaq mənəvi mədəniyyəti inkişaf etdirərək onu yaşadır. Milli-mənəvi dəyərlərin söykəndiyi islam əxlaqı insan həyatına daxil olaraq fərdi mənsub olduğu xalqın ideallarına qovuşdurur. Milli-mənəvi dəyərləri və əxlaqı xalq, cəmiyyət yaradır, şəxsiyyət isə onu mənimsəyərək formalaşır.

Nazilə Abdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti