:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

QLOBALLAŞAN DÜNYADA İNNOVASİYALI ELMİN ƏXLAQİ-MƏNƏVİ DƏYƏRLƏRİN QORUNMASINDA ROLU

Font

Qloballaşmanın geniş vüsət aldığı – iqtisadiyyatdan, siyasətdən tutmuş təhsilə, mədəniyyətə qədər nüfuz etdiyi bir dövrdə bütün sosial-siyasi proseslər, iqtisadi, sosial, təhsil, mədəni və digər qurumların fəaliyyəti şəxsiyyətin inkişafına və kamilləşməsinə yönəlmişdir. Ümumavropa məkanına inteqrasiya, xüsusilə təhsildə yeni texnologiyaların tətbiqi, idarəetmə, innovativ irəliləmə dövrü qlobal dəyişikliklərlə yanaşı, əxlaqi-mənəvi dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayır.
İnsan dünyaya gələndə əxlaqi və mənəvi cəhətdən pak, zəngin, xeyirxah olur. Yaşa dolduqca valideynlərin, müəllimlərin, onu əhatə edən ətraf mühitin, aldığı təhsilin ona əxz etdiklərindən faydalanır, önəm verdiyi dəyərlər onun milli intellektini formalaşdırır, öz tarixi kökünə, özünütanıtıma, özünüdərkə aparır. Əxlaqi dəyərlərin formalaşdırılması ilk növbədə ailədə, adət və ənənələrdə ifadə olunur.
Cəmiyyətin uzunmüddətli tarixi inkişaf prosesində ibtidai insan xeyir və şəri bir-birinə qarşı qoymaqla şüurda əxlaq anlayışını, onun dialektikasını formalaşdırır. Təbii ki, insanlarda şüur formalaşmadan öncə əxlaq da olmayıb. Təfəkkür inkişaf etdikcə, insan daha bir irəliləyişi – cinslər arasında fərqi duyur və bu fərqə münasibətdə kor-koranə "ehtiyatlanır”. İnsanların sosial-ictimai durumundakı bərabərsizlik etik-psixoloji situasiyalara keçir. Davranış vərdişlərinin
əxlaqi tənzimini ibtidai insan adətlər, ənənələr, ayinlər və s. vasitəsilə həyata keçirirdi. Bu əxlaq normaları sadə, lakin hamı üçün məcburi idi. Bu normalar insanı tədricən inkişaf etdirir, davranışını nizama salırdı. İnsanlar arasında sosial bərabərsizlik meydana gəldikdə, əxlaqın mahiyyəti də dəyişir, quldarlıq quruluşunda vahid əxlaqi normalar artıq siniflərin mənafeyinə görə əxlaqa çevrilir. İnsanda ləyaqət və şəxsiyyətin qiyməti haqqında yeni təsəvvürlər formalaşır. Əxlaq özünün əks qütbünə – əxlaqsızlığa qarşı qoyulur. Məzlumun şərəfinə, heysiyyətinə, mənliyinə zalımın müdaxiləsi əxlaqi dəyərləri ucuzlaşdırır. "Burjua əxlaqı” öz antaqonist mahiyyətini bəşəri hisslərdə deyil, özü üçün yaratdığı əxlaqi əsaslarda tənzimləyir. Sinifli cəmiyyətdə hakim təbəqənin əxlaqi münasibətləri mənsub olduğu sferadan çox-çox aşağı dayanır. Humanizm, sədaqət, mərhəmət, məhəbbət kimi əxlaqi-estetik hisslərdə kapitalın hökmü ilə fərqlərin disbalansı yaranır. Keçmiş sovet postməkanında "kommunist əxlaqı” anlamı cəmiyyətin sərvətlərindən insanın inkişafı, mənafeyi üçün istifadə kimi başa düşülür, xalq kütlələrinin əvvəlki tarixi dövrlərdə yaratdığı bütün qabaqcıl əxlaqi sərvətlərə əsaslanırdı. Bu əxlaq bütün sosial qrup və təbəqələrə aid edilir, onların şüurunun daxili məzmunu, mənəvi inkişafının məhsulu olur. Bəlkə bu səbəbdəndir ki, postsovet məkanında "əxlaq” anlayışının prinsipləri şablon xarakterdə olsa da, müxtəlif irqlərdən və dini mənsubiyyətindən asılı olmayaraq hamı onları gözləməyə çalışır və sanki bir-birindən utanırdı. Əxlaqın ən bariz təcəssümü olan həya, abır, namus (hərçənd bu anlayışlar bu gün bir çox xalqların lüğət tərkibində yoxdur, amma "bizdə var” deyib öyünməyimiz özümüzdə şübhə yaradır) cəmiyyətin hər bir fərdində digəri qarşısında mənəvi borc, cəmiyyətin mədəni-mənəvi həyatı isə kulturoloji aspektdən mühüm rol oynayır.
Qloballaşmanı yaradan mühit təkcə transmilli korporasiyaların yaratdığı mühit olmayıb, həm də innovasiya texnologiyalarının tətbiqi ilə bağlı yaranan mühitdir. Müasir dövrdə elmi biliklərin tətbiq sahələrənin genişləndirilməsi, elm tutumlu layihələrin iqtisadi səmərəliliyinin artırılması kimi məsələlər yeni innovasiya vasitələrindən istifadəni zəruri bir amilə cevirir. Elmi biliklərin cəmiyyət üçün faydalı olması isə o vaxt baş verir ki, nəzəri biliklər həm innovativ vasitələrlə öz tətbiq sahəsini müəyyənləşdirə bilsin, həm də milli-mənəvi köklərimizə qayıdışda, milli mənsubluğumuzun məzmun və forma baxımından təsdiqi uğrunda apardığımız mübarizə soykökümüzə və əxlaqi dəyərlərimizə əsaslansın. Televiziyanın, mətbuatın milli mənəviyyatımıza yad ünsürlərlə dolduğu və "qloballaşma” adı altında pərdələndiyi, gənclərdə avropalaşmaya hədsiz maraq və ehtiras olduğu bir vaxtda mənəvi mühitin, mənəviyyatın qorunması çox aktualdır. Təbii ki, qloballaşma prosesi elm, texnika, texnologiya ilə yanaşı ümumbəşəri dəyərlərə, milli kimliyi təyin edən mənəvi amillərə də sirayət edir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, hansı məsələdə lazım gələrsə, konservator olmağı bacarmaq lazımdır. İnsan xisləti yaradılışdan yenini mənimsəyib köhnəni atmağa, təfəkkür və şüur dərki ilə deyil, göz ilə gördüyünü mənimsəməyə məhkumdur, xüsusilə də yüksək mədəniyyətin mənəvi-əxlaqi dəyərlərə malik Şərqin hər bir şeyi olduğu kimi göstərən Qərbə münasibətində.
Bu gün Avropanı Avropa edən, onu irəlidə zənn etməyə vadar edən əsl cəhətləri unudanlar özünütəsdiqin milli-tarixi köklərə söykəndiyini unudurlar. Qərb tənəzzülü, süqutu, onun qondarma "barbar” mədəniyyəti, bayağı roklar, erotik musiqi klip-çəkilişləri, gecə barları, kazinolar və dilə gətirilməyən bir çox "müasirlər”, üstəlik bu "müasirləri” təcəssüm etdirən geyim imicləri mənəviyyata təsir etməklə yanaşı, gənclərin psixikasını da pozur. Müasirliyə, qloballaşmaya gedən yol disko və videotekalardan, internet klublarından deyil, fərdi mənəviyyat prizmasından keçməlidir.
Məhz bu baxımdan intellektual ideyalar innovasiyalı elmin inkişafına ən təsirli vasitə kimi qəbul edilməsi bizim qarşımızda bir tərəfdən milli köklərə, milli-mənəvi dəyərlərə qayıdış, digər tərəfdən də elmi-texniki inkişaf və informasiya cəmiyyətinin qoyduğu çağdaş tələblərə uyğunlaşmaq vəzifəsini qoyur. Innovativ metodlardan istifadə etmədən elmin yeniliyini, onun tətbiq sahələrinin yaratdığı maddi və mənəvi dəyərləri beynəlxalq aləmə çıxarmaq nə qədər çətindirsə, hər bir şəxsin fərdi-mənəvi aləmində gedən proseslərin bütövlükdə millətin mənəvi həyatı ilə bağlı problemlər kimi həlli də bir o qədər çətindir.
Qloballaşan dünyada əxlaq və mənəviyyat nəzəriyyəsi dünya haqqında sistemli elmi bilik, bütövlük, özünütərbiyə və özünüdərk, dönməzlik, insanın təbiətlə dialoqu prosesində cəmiyyətin təkmilləşdirilməsini əsas məqsəd kimi qarşıya qoyur. Bu məqsəd milli xüsusiyyətlər və ümumbəşəri dəyərlər zəminində tarixi köklərinə sadiq qalaraq inkişaf edən Azərbaycan təhsilinin qloballaşma şəraitində şəxsiyyətin cəmiyyətlə münasibətlərini tənzimləyən aparıcı komponenti və dominant dəyərlər sistemidir.

ABDULLAZADƏ NAZİLƏ
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti