:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"GEN" MMC-nin qurbanları: "Dövləti aldadaraq, bizə qarşı cinayət törədiblər!" - VİDEO

Font

Bu gün "GEN" MMC tərəfindən aldadılmış yüzlərlə insan bu gün Prezident Administrasiyasının qarşısında aksiya keçirəcəklər.

12 ilə yaxındır evləri ilə yanaşı pullarını və sağlamlığını itirən 300-dən çox zərərçəkmiş ədalətin bərpası üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyəcək.

Zərərçəkmişlərin adından danışan Afət Əzizova son ümid yerinin dövlət olduğunu bildirdi:

"Bizə aldanılmış vətəndaşlar deyilməsin, biz zərərçəkmişik! Bizə qarşı cinayət işlədilib.Aldadılan dövlətdir. Elbrus Əliyevin baçşılıq etdiyi cinayətkar dəstə dövləti aldadaraq bizə qarşı cinayət işlədib. Düzdür, onlar həbs olundular. Amma məhkəmənin qərarı olmasına baxmayaraq, 12 ildir bizə dəyən ziyan hələ də ödənilməyib. Əlimizdə sənədlər gəzmədiyimiz dövlət qurumları qalmayıb. Artıq heç kimdən gözləntimiz yoxdur. Son ümidimiz prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevadır. Biz ədalətin bərpa olunmasını tələb edirik!"

Qeyd edək ki, 2011-ci ilin may ayında qəbul olunmuş Bakı Appelyasiya Məhkəməsinin Xüsusi Qərarı olmasına baxmayaraq, "GEN” MMC tikinti şirkətinin aldatdığı vətəndaşların nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.Ona görə də, zərərçəkənlər onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarının icra olunmamasından şikayətçidirlər.

12 il əvvəl peşəkar dələduz dəstəsinin qurbanı olmuş zərərçəkmişlərin bu gün uşaqları, nəvələri kirayə mənzillərdə yaşamağa məhkum olunublar. Hətta evləri və pulları əldən çıxmış insanların bir neçəsi dünyasını dəyişib. Vətəndaşlar isə əlindəki sənədlərlə baş-başa dövlət orqanlarına gedib-gəlməkdən beziblər.

BŞİH zərərçəkmişlərinin yazılı müraciəti əsasında Prezident Administrasiyasına (PA) məktubla müraciət edərək, PA tərəfindəntorpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində 300 mənzillik yaşayış binasının layihəsinin hazırlanıb-təsdiq olunması, yaşayışkompleksinə qoşularaq kommunikasiya sistemləri (Qaz, Elektrik, Su/Kanalizasiya, Rabitə/Telekommunikasiya və sair) üçün texniki şərtlərinin alınmasına dair göstəriş verilməsini xahiş edəcəkdir.

Xatırladaq ki, "GEN" MMC-nin rəhbəri Elbrus Əliyev və digər 8 nəfər Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddələri ilə ittiham olunublar.

Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

"GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 2008-ci il iyunun 11-də, MMC-nin baş mühasibi Əliyar Abbasov isə iyulun 1-də həbs edilib. İstintaq dövründə dəstənin digər üzvləri - 11 nəfər barəsində həbs qərarı çıxarılıb. Həmin şəxslər minə yaxın vətəndaşa ev tikmək adı ilə aldadaraq milyonlarla manat pulu ələ keçiriblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.2010-cu il may ayının 13-də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə GEN MMC-nin rəhbəri E.Əliyev 12 il, Nəbi Məmmədov 11 il, Ə.Abbasov, Həbib Ağayev, Asif Ələmov və Ramil Əliyev 10 il, Kamran Əhmədov 9 il, İlkin Səfərov 8 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin şəxslərin əmlakları da müsadirə olunub.(BAKU.WS)