:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Cahangir Hacıyevin məhkəməsində bankda yüksək məbləğdə kreditlərin verilməsinə aydınlıq gətirilib

Font

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Cəbrayıl Süleymanlı ifadə verib.

O, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə” İnstitutunda mühəndis işlədiyini bildirib. C.Süleymanlı qeyd edib ki, D.Xəlilova məxsus şirkətlərin tikinti işlərinin Forma 2-ni yoxlayıb: "Bizə tapşırıq nazirlikdən verilmişdi. Yasamalda, Zaqatalada görülən işlərin sənədlərini təqdim edirdilər, biz də yoxlamışıq. Yəni Forma 2 verilirdi, biz də həcmini hesablayıb tərtib edirdik".

Daha sonra şahid qismində Fuad Cəfərov dindirilib. O, Beynəlxalq Bankın sabiq əməkdaşı olduğunu söyləyib: "Həmin vaxtlar şirkətlərdən bizə kredit götürülməsi ilə bağlı müraciətlər olurdu. Biz də bu barədə Kredit komitəsinə məlumat verirdik. "İntertekstil" şirkəti də bizə müraciət edib. Bu şirkət bankla 4-5 dəfə müqavilə bağlayıb. Təxminən 1.5 milyon manata qədər kredit verilirdi. Təminat da elə şirkət özü olurdu. Bizə göstəriş gəlirdi ki, "İntertekstil"ə kredit verək".

Şahid Azər Rzayev də ifadəsində deyib ki, Beynəlxalq Bankda işləyib. O, şirkətlərə kreditin verilməsi ilə bağlı qərarı bankın Kredit komitəsinin verdiyini bildirib: "Biz sənədləri hazırlayıb komitəyə göndərirdik. Daha sonra qərarı Kredit komitəsi verirdi".

Beynəlxalq Bankın sabiq filial rəhbəri olmuş İlqar Abdullayev də dindirilib.

Məhkəmədə elan olunub ki, İ.Abdullayev daha əvvəl C.Hacıyevlə birgə ittiham edilib, məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İ.Abdullayev qeyd edib ki, bankda yüksək məbləğdə kreditlərin verilməsi Kredit komitəsinin qərarı ilə olub.

Daha əvvəl C.Hacıyevlə birgə ittiham edilən Kənan Orucov da ifadə verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Hazırda sınaq müddəti başa çatıb.

K.Orucov qeyd edib ki, 2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyib: "Spotline" şirkəti 1.5 milyon manatlıq kreditlə bağlı müraciət etdi. Mən də Kredit komitəsinə məlumat verdim. Sonra sənədlər hazırlandı, həmin şirkətə kredit verildi".

Suallara cavab verən K.Orucov bildirib ki, iri məbləğli kreditlərin verilməsi üçün Kredit komitəsindən göstəriş verilib: "Tam olaraq həmin şəxsin adını xatırlamıram".