:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ramil Usubov: Ticarət mərkəzindəki yanğınla əlaqədar yaradılan komissiyanın tərkibində DİN-in əməkdaşları da olacaq

Font

"Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da olacaq.

Bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə daxili işlər naziri Ramil Usubov deyib.

R.Usubov məlumat verib ki, yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüblər. Belə ki, yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb.

Nazir yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirib. Dövlətimizin başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini qeyd edib.


Bakıda "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar istintaq-əməliyyat qrupu tərəfindən ekspertizalar həyata keçiriləcək.

Bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Baş prokuror Zakir Qaralov deyib.

Z.Qaralov hadisə baş verən andan müvafiq qurumların birgə səyləri nəticəsində vəziyyətin nəzarətə alındığını, insanların həmin ərazidən təxliyə edildiyini bildirib. Baş prokuror hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət işinin qaldırıldığını, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizalarının təyin olunduğunu deyib, qısa vaxtda yaranmış istintaq-əməliyyat qrupu tərəfindən bu ekspertizaların həyata keçiriləcəyini vurğulayıb.

Zakir Qaralov hadisə ilə bağlı sahibkarların dindirilməsi və ilkin ifadələrinin alınması istiqamətində işlərin görüləcəyini qeyd edib, istintaqın gedişi ilə bağlı vaxtaşırı dövlətimizin başçısına məlumat veriləcəyini bildirib.