:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Hanoy şəhərində konfrans keçirilib

Font

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə 12 mart 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan və Vyetnam diplomatiyası: Paralellər, inkişaf, dövlət quruculuğunda rolu” mövzusunda konfrans keçirilmişdir.

Konransda Vyetnam Kommunist Partiyası, Prezidenti Administrasiyası, Milli Assambleyası (Parlament), Hökuməti, Vyetnam Xarici İşlər Nazirliyi, müxtəlif dövlət və özəl qurumları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və kütləvi informasiya vasitələrinin yüksək rütbəli nümayəndələri, Vyetnam Diplomatik Akademiyasının rəhbərliyi və tələbə-müəllim heyəti, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları iştirak etmişlər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Ramiz Həsənov və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirinin daimi müavini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Bui Thanh Son konfransda xüsusi qonaq qismində çıxış etmişlər.
Konfransda çıxış edən Ramiz Həsənov 9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunacağını bildirərək zəngin dövlətçilik ənənələri və diplomatiya tarixinə malik olan ölkəmizin Qafqaz bölgəsi və tarixi İpək Yolundakı strateji mövqeyenin uzun müddət üçün Azərbaycanın beynəlxalq münasibətlərdəki mühüm rolunu müəyyənləşdirdiyini bildirmişdir.
Həmçinin çıxışında Ramiz Həsənov Azərbaycan Demokratik Respublikası haqqında dolğun məlumatı tədbir iştirakçılarının diqqətinə çatdıraraq ADR-in 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında müstəqil dövlət kimi tanındığını qeyd etmişdir. Nazir müavini cəmi 23 ay mövcud olan ADR-in fəal xarici siyasət həyata keçirdiyini söyləmişdir.
Eyni zamanda Ramiz Həsənov Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı gərgin mübarizə nəticəsində 1991-ci ildə ölkəmizin müstəqilliyinin bərpa edildiyini bildirərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması ilə ölkəmizin zəngin dövlətçilik ənənələri və geosiyasi vəziyyətə əsaslanan çox vektorlu və balanslaşdırılmış xarici siyasət strategiyasının formalaşdırıldığını və ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zamanın müasir çağırışları və tələblərinə uyğun və milli mənafeyə əsaslanan siyasətin bügün də uğurla davam etdirildiyini bildirmişdir.
Ramiz Həsənov Azərbaycanın son illər ərzində dövlət quruculuğu istiqamətində apardığı islahatlar, enerji və nəqliyyat sahələrində reallaşdırdığı iri-miqyaslı layihələr, sosial-iqtisadi və humanitar sahələrində əldə etdiyi nailiyyətləri, habelə beynəlxalq arenadakı uğurları haqqında müfəssəl məlumat vermişdir.
Həmçinin Ramiz Həsənov Azərbaycanın xarici siyasətindəki əsas prioritetlərindən birinin digər ölkələr, o cümlədən ölkəmizin Cənub-Şərqi Asiya bölgəsindəki əsas tərəfdaşlardan biri olan Vyetnam ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasından ibarət olduğunu bildirərək bu əlaqələrin təməlinin Heydər Əliyev və Vyetnamın Prezidenti Ho Chi Minh tərəfindən qoyulduğunu xüsusi vurğulamışdır.
Tədbir əsnasında Ramiz Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına müfəssəl məlumat verərək münaqişənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü qeyd etmişdir.
Daha sonra tədbirdə çıxış edən Vyetnam Xarici İşlər Nazirinin daimi müavini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Bui Thanh Son konfransda iştirak etdiyindən məmnunluğunu ifadə edərək iki ölkə arasındakı diplomatik münasibətlər kontekstində bu toplantının əlamətdar hadisə olduğunu bildirmişdir.
Bui Thanh Son Vyetnamın zəngin tarixi köklərə əsaslanan Azərbaycan ilə münasibətlərinə böyük dəyər verdiyini qeyd etmişdir. O Vyetnam ilə Azərbaycan arasındakı dostluğun bünövrəsinin Ho Chi Mİnh və Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək Azərbaycan təhsil ocaqlarının minlərlə vyetnamlı məzununun ölkəsinin bugünkü uğurlarının əldə olunması işinə böyük töhfə verdiyini xüsusi vurğulamışdır. Həmçinin o yüzlərlə Azərbaycan mütəxəssisinin müharibədən sonrakı Vyetnamın bərpası və hazırkı inkişafında müxtəlif səviyyə və sahələrdə fəal iştirak etdiyini böyük razılıq hissi ilə bildirərək buna görə Azərbaycan Hökuməti və xalqına dərin təşəkkürünü izhar edib, bu yardımın vyetnamlıların yaddaşından heç bir zaman silinməyəcəyini qeyd etmişdir.
Eyni zamanda nazir müavini uzun müddət keçdiyinə baxmayaraq iki ölkə arasındakı münasibətlərdə hökm sürən dostluq ab-havasının günbəgün möhkəmləndiyini söyləyərək bunun Vyetnam ilə Azərbaycan arasındakı hərtərəfli əməkdaşlığın təməlini təşkil etdiyini qeyd etmişdir. Bui Thanh Sonun fikrincə hər iki ölkənin yüksək rəhbərliyinin qətiyyəti və müxtəlif qurumların çoxsaylı səyləri ilə yanaşı Vyetnam və Azərbaycan arasında diplomatik sahəsindəki səmərəli əməkdaşlığın aparılması ilə sözügedən məqsədə nail olmaq mümkün olmuşdur.
Həmçinin tədbirdə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Vyetnamın Dostluq Assosiasiyaları İttifaqının Sədri xanım Nguyen Phuong Nga, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Eldar Səlimov, Vyetnam Kommunist Partiyası Xarici Əlaqələr Komissiyasının Rusiya, Şərqi Avropa və Orta Asiya İdarəsinin Baş direktoru Nguyen Thanh Tuan, Vyetnam Diplomatik Akademiyasının prorektoru xanım Pham Lan Dung, Vyetnam Sosial Elmlər Akademiyası Avropa Araşdırmalar İnstitutunun Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə İdarəsinin direktoru xanım Vu Thuy Trang, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien, habelə Vyetnam Diplomatik Akademiyasının professorları Vu Duong Huan və Ngo Duy Ngo məruzəçi qismində iştirak etmişlər.
Məruzəçilər öz çıxışlarında hər iki ölkənin diplomatiyasının keçmişi, bugünü və gələcəyi, diplomatiyanın dövlətçiliyimizin qorunmasındakı rolu, habelə Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və humanitar sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunmuşlar.
Konfrans çərçivəsində tədbir iştirakçılarına Hüseynbala Mirələmov və Viktor Andriyanovun həm-müəllifi olduğu "Görkəmli adamların həyatı" silsiləsindən "Heydər Əliyev” və Azərbaycan Respublikası Milli Məclisinın deputatı, yazıçı-publisist Elmira Axundovanın "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitablar, habelə Səfirlik tərəfindən Vyetnam dilində dərc olunmuş digər nəşrlər və "İRS” jurnalının müxtəlif buraxılışları təqdim olunmuşdur.
Konfrans rəsmi ziyafət və konsert proqramı ilə davam etdirilmişdir.