:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda donorlara güzəşt tətbiq ediləcək

Font

Azərbaycanda donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirən şəxs əmək haqqının 100 faizi (tam) məbləğində müavinət alacaq.

Bu, yeni hazırlanan "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd olunub.

Qanunun layihəsinin 20-ci (canlı donorun hüquq və vəzifələri) maddəsinə əsasən, canlı donorun tibb müəssisəsindən tibbi əməliyyatla bağlı, o cümlədən, baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq, bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada müalicə və reablitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq, istənilən an öz donor orqanını verməkdən imtina etmək, daimi dispanser müşahidəsində olmaq, özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, donor orqanı ilə növbədənkənar təmin olunmaq, donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə əmək haqqının 100 faizi (tam) məbləğində müavinət almaq, donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək hüquqları var.

Orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Azərbaycanda canlı donordan donor orqanın götürülməsinə dair məhdudiyyətin dairəsi genişləndirilib.

Qadağa yeni hazırlanan "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 19-cu (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) maddəsinə əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur.

Qeyd olunub ki, 18 yaşına çatmamış şəxsdən transplantasiya məqsədilə ilə orqan və toxumaların (sümük iliyi istisna olmaqla) götürülməsi qadağandır.

Layihədə bildirilib ki, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.