:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Hacıyevin Paşinyana cavabı

Font

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə dərc olunan EURACTİV portalına müsahibəsinə cavab olaraq həmin portalda Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məqaləsi dərc olunmuşdur.

https://www.euractiv.com/section/azerbaijan/opinion/puppet-policy-wont-solve-the-nagorno-karabakh-conflict/

Məqalənin tam tərcüməsi əlavə olunur.

Ermənistan baş naziri Nikol Paşinyanın 4 mart tarixində EURACTİV portalına müsahibəsi, xüsusilə onun Ermənistan-Azərbaycan münaqişəsi barədə iddiaları ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyəti və formatına köklü şəkildə ziddir.

Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında keçən ilin sentyabrında Düşənbədə baş tutmuş görüşdən etibarən Azərbaycan danışıqlar prosesinin irəli aparılması üçün əlverişli mühitin yaradılması məqsədilə konstruktiv və cəsarətli addımlar atmışdır. MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi sammiti və Davosda Azərbaycan və Ermənistan rəhbərliyi arasında daha iki görüş olmuşdur. Amma Ermənistan rəhbərliyi indi bunları görüş belə adlandırmaqdan çəkinir və qeyri-rəsmi təmaslar adlandıraraq metaforik illüstrasiyaya üstünlük verir.

Bu ümidverici dinamika ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dörd görüşü ilə müşayiət olunmuşdur. Amma həmsədrlərin və beynəlxalq ictimaiyyətin iki ölkə arasında substantiv və nəticə yönümlü intensiv danışıqların davam etdirilməsinə dair nikbinliyinə müsbət şəkildə cavab vermək əvəzinə Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi ilə bağlı qeyri-real iddialar irəli sürməyə başlamışdır. Bu düşüncə ilə Ermənistan tərəfi məqsədyönlü şəkildə bütün danışıqlar prosesini əngəlləyir və iflic halına salır.

Ermənistan baş naziri Qarabağda yaşayan ermənilər adından danışa bilmədiyini iddia edərək çox sadə bir suala cavab verə bilmir: Ermənistan silahlı qüvvələrinin Azərbaycan suveren ərazilərində nə işi vardır?

Beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, Ermənistan BMT nizamnaməsini kobud şəkildə pozaraq qanunsuz şəkildə gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədilmişdir. Onlar hələ də məcburi köçkün və qaçqın statusunda yaşamaq məcburiyyətindədir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzdə birbaşa iştirakı və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə mövcudluğu münaqişə tərəfi kimi Ermənistanın hüquqi, siyasi və mənəvi məsuliyyətini təsbit edir. Söz güləşdirməklə Ermənistan hökuməti bu mütləq məsuliyyətdən qaça bilməz.

İşğalçı dövlətlər adətən digər dövlətin ərazisini zor yolu ilə işğalında öz rollarını gizlətmək üçün işğal olunmuş ərazilərdə qanunsuz rejimlər yaradırlar. Qondarma "Dağlıq Qarabağ Respublikası” bu kimi siyasətin və təcrübənin bariz nümunəsidir.

Avropa İnsan Hüquqları Məhkəməsi "Çiraqov Ermənistan qarşı” işi üzrə qəbul etdiyi qərarda Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına əsaslı olaraq son qoydu. AİHM təsbit etdi ki, "qondarma "DQR” və onun administrasiyası Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti həyata keçirir”.

Bu günlərdə N.Paşinyan hökumətinin üzvü və dövlət təhlükəsizlik xidmətinin sədri məskunlaşdırma siyasətinə bəraət qazandıraraq və işğal olunmuş ərazilərin bir qarışının belə qaytarılmayacağını iddia edərək Ermənistanın zəbt olunmuş ərazilərin anneksiyası siyasətini yürütdüyünü təsdiq etmiş oldu.

N.Paşinyanın müsahibəsində başqa bir uyğunsuzluq da vardır. Müsahibədə o, BMT Baş katibinin münaqişə ilə bağlı açıqlamasını alqışladığı halda, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnaməsinin üzərindən sükutla keçir. Ermənistan BMT TŞ-nın qətnamələrinin işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirməmişdir.

Paradoksal olaraq Ermənistan rəhbərliyi bir tərəfdən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə dəstək ifadə edir, digər tərəfdən isə danışıqlar formatının dəyişdirilməsinə çağıraraq həmsədrlərinin işini pozur.

ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində təsbit olunmuş institusional yaddaş vardır. ATƏT-in 1992-ci il Helsinki nazirlər iclasının qərarına görə Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi müəyyən olunmuşdur. Dağlıq Qarabağın Azərbaycanlı icmasına qarşı qanlı etnik təmizləmə törədildiyi halda, Ermənistanın Dağlıq Qarabağın erməni icmasına ekskluziv hüquqlar tələb etməsi barədə əsassız iddiaları insan hüquqlarının ruhuna və fəlsəfəsinə belə ziddir. Ermənistan həmçinin, saylı 80.000 nəfərdən artıq olan Dağlıq Qarabağın Azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır və hər bir vəchlə iki icma arasında dialoqu bloklayır.

Azərbaycan Avropa İttifaqının yüksək rəsmilərinin N.Paşinyan ilə mətbuat konfransında səsləndirdiyi bəyanatlarını dəstəkləyir. İşğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Danışıqlara qeyd-şərtin qoyulması yolverilməzdir, yeni formatın yaradılmasına ehtiyac yoxdur və razılaşdırılmış düstura uyğun olaraq mövcud format əsasında danışıqlar davam etdirilməlidir. Danışıqların davamlılığı və danışıqlara öhdəlik təmin olunmalıdır. Bu kimi mövqeyi beynəlxalq birlik də yekdilliklə bölüşür. Ona görə də beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ünvanlı siyasi-diplomatik ismarıclar çatdırılmalıdır. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, eyforiya dövrü başa çatmışdır. Küçə populizmi artıq yetər və ciddi addımların atılmasının vaxtıdır.

Biz eyni zamanda Avropa İttifaqının sifarişi ilə hazırlanmış və münaqişənin həllinin Ermənistana və Azərbaycana iqtisadi dividentləri barədə hesabatın ideya və fəlsəfəsini dəstəkləyirik. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmədən Ermənistanın iqtisadi inkişafı qeyri-mümkündür.

Münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və qonşularla sivil münasibətlər qurmalıdır. Yalnız bu halda regionun çox ehtiyac duyduğu davamlı və ədalətli sülh təmin oluna bilər. Əks təqdirdə, Ermənistanın siyasi, iqtisadi və demoqrafik böhranı və özünü təcridi dərinləşməkdə davam edəcəkdir.