:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Roma" və PSJ Çempionlar Liqasında mübarizəni dayandırıb

Font

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Portu" öz meydanında "Roma"nı qəbul edib.

Portu şəhərinin "Draqau" stadionunda keçirilən görüş əlavə olunmuş hissədə ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 26-cı dəqiqədə "Portu"nun braziliyalı hücumçusu Tikinyo açıb. "Roma"nın cavab qolunu 11 dəqiqə sonra penaltidən kapitan Daniele De Rossi vurub.

İkinci hissənin əvvəlində Mussa Mareqa Xesus Koronun ötürməsindən sonra ev sahiblərini yenidən hesabda irəli çıxarıb.

Matçın əsas hissəsinə əlavə olunmuş ikinci 15 dəqiqənin sonlarında hakim qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Müdafiəçi Aleks Telles zərbəni dəqiq yerinə yetirib.

Komandalar arasında Romada keçirilən ilk görüş 2:1 hesabı ilə Eusebio Di Françeskonun yetirmələrinin xeyrinə başa çatdığından, 1/4 finala çıxan tərəf portuqaliyalılar olub. "Roma" turnirdə çıxışını başa vurub.

PSJ futbol üzrə Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Mançester Yunayted"i qəbul edib.

Parisin "Park de Prens" stadionunda baş tutan görüş ingilislərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı "Mançester Yunayted"in belçikalı hücumçusu Romelu Lukaku açıb. O, 2-ci dəqiqədə Canluici Buffonu məyus edib. PSJ 10-cu dəqiqədə ispan müdafiəçi Xuan Bernatın ifasında hesabı bərabərləşdirib. Oyunun 30-cu dəqiqəsində Lukaku dublunu rəsmiləşdirib. Matça əlavə olunmuş dəqiqələrdə baş hakim videotəkrara baxdıqdan sonra, parislilərin qapısına penatli təyin edib. Cərimə zərbəsini Markus Raşford ustalıqla yerinə yetirib.

Mançester şəhərində keçirilən ilk görüş 2:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatdığından, ¼ final mərəhələsinə çıxan tərəf "qırmızı şeytanlar" olub. PSJ turnirdə çıxışı başa vurub.