:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rəsmi Yerevanın sərt ritorikasının arxasında nə durur?

Font

Martın 4-də Ermənistanın baş naziri və XİN rəhbəri bəyanatla çıxış ediblər. Bu bəyanatı Yerevanın Qarabağ nizamlanmasında mövqeyinin sərtləşməsi kimi qiymətləndirmək olar.

Belə ki, XİN rəhbəri Zoqrab Mnatsakanyan Ermənistan İctimai TV-yə müsahibəsində bir daha bildirib ki, Yerevan Qarabağın əvəzinə Bakı ilə danışıqlar aparmayacaq. Azərbaycan razılaşmalıdır ki, münaqişənin iki yox, üç tərəfi var.
Bundan əlavə, Mnatsakanyan işarə edib ki, Ermənistan Qarabağ ətrafında ərazilərin qaytarılmasını vacib hesab etmir.
"Ermənistan Arsaxın statusundan danışanda məhz bunu nəzərdə tutur, keçmişə qayıdış yoxdur və təhlükəsizlik məsələsi prioritetdir. Biz öz soydaşlarımızın, Arsax xalqının həyatını yenidən təhlükə altına qoymamalıyıq. Biz bunu dəfələrlə anlatmışıq. 1994-cü ildə yaradılmış sistem ancaq bir şeyi təmin edir - fiziki təhlükəsizliyi və bizim status haqda fikirlərimiz məhz bundan irəli gəlir. Keçmişə qayıdış ola bilməz, çünki əgər biz bu təhlükəsizliyə ziyan vurarıqsa, hər hansı situasuyadan söz gedə bilməz. Bu, olmayacaq", - o bildirib.
Baş nazir Nikol Paşinyan isə Euractiv saytına müsahibəsində Azərbaycan rəhbərliyini Qarabağ ermənilərini münaqişə tərəfi kimi tanımaqdan imtina etməkdə ittiham edib.
"Mən Ermənistan ictimaiyyəti və KİV tərəfindən tənqidlərə məruz qaldım, çünki Azərbaycan prezidenti bunu etməkdən (Qarabağı tanımaq - red.) imtina etdi. Bundan əlavə, o, dəfələrlə aqressiv ritorikadan istifadə edir ki, bu da insanların sülhə hazırlanması ilə bağlı mənim səylərimə mənfi təsir göstərir və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinə ziyan vurur", - o vurğulayıb.
O qeyd edib ki, Qarabağın danışıqlara cəlb edilməsi vacibdir, çünki sonda bu, Dağlıq Qarabağın statusunu müəyyən edəcək və orada yaşayan insanların təhlükəsizliyinə zəmanəti təmin edəcək.
"Ermənistanın iki keçmiş prezidenti Arsaxda anadan olub, orada böyüyüb və yaşayıb. Onlardan fərqli olaraq, mən Arsaxı təmsil etmirəm, orada yaşayan adamlar Ermənistanda seçkilərdə iştirak etməyiblər, odur ki, mənim danışıqlarda Arsax xalqını təmsil etmək üçün mandatım yoxdur. Mən Ermənistanı təmsil edirəm və danışıqlarda Ermənistanın adından iştirak etməyə hazıram. Əgər Azərbaycan bəyan etsə ki, münaqişənin nizamlanması bütün əlaqədar tərəflərin maraqlarını əhatə etməlidir, bu, qarşılıqlı inam əsasında danışıqların bərpası üçün yaxşı imkan olar", - N.Paşinyan bildirib.
2019-cu ilin danışıqlara "yeni təkan" verəcəyi ilə bağlı İlham Əliyevin tviti barədə sualın cavabında N.Paşinyan deyib ki, əgər prezident Əliyev "yeni təkanın verilməsi" altında Dağlıq Qarabağ xalqının özünütəyin hüququnun tanınmasını nəzərdə tutsaydı bu, müsbət siqnal olardı.
"Əgər belə deyilsə, bu, sadəcə, daha bir cəsarətli fikirdir. Əlbəttə, biz sülh prosesinə yeni məzmun vermək istərdik və həmsədrlər vasitəsilə öz baxışlarımızı Azərbaycan tərəfinə çatdırmışıq", - o deyib.
Qeyd edək ki, bundan öncə Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan deyib ki, ermənilər Füzuli-Cəbrayıl zonasında məskunlaşacaq və orada yeni qəsəbələr salacaqlar. Bu, o deməkdir ki, ərazilər qaytarılmayacaq.
Ondan əvvəl isə müdafiə naziri David Tonoyan bildirib ki, Ermənistan müdafiə taktikasından hücum taktikasına keçir və Azərbaycana ilk zərbəni endirəcəyini istisna etmir.
Bu cür bəyanatların fonunda İ.Əliyevlə N.Paşinyanın qarşıdakı görüşü anlamsız görünür.(Turan)