:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov: "Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının təməl prinsiplərinin irəli aparılmasına təkan verəcək"

Font

"Bu ilin oktyabr ayında Azərbaycan sədrliyini öz üzərinə götürəcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcək".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 40-cı sessiyasında deyib.

"İnanırıq ki, Azərbaycanın sədrliyi 2020-ci ildə 65-ci ildönümü İnsan Hüquqları Şurası da daxil olmaqla bir çox BMT platformaları boyunca qeyd olunacaq Hərəkatın təməl prinsiplərinin irəli aparılmasına təkan verəcək.

Fürsətdən istifadə edərək, ölkəmin Qoşulmama Hərəkatının səylərinə sadiqliyini bir daha təsdiq edirəm", - E. Məmmədyarov bildirib.

"Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə, insan hüquqlarına və inkişafa hələ də əsas təhdid olaraq qalmaqdadır".

Bunu da Azərbaycanın xarici işlər naziri BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 40-cı sessiyasında deyib.

"Bu gün Azərbaycan bu münaqişənin qəddar səhifələrindən birinin – 106-sı qadın, 63-çü uşaq və 70-i yaşlılar olmaqla Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin kiçik şəhərinin 613 sakininin 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi, Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edir", - E.Məmmədyarov vurğulayıb.

XİN başçısı qeyd edib ki, qonşu Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi 1992-ci ildən bəri işğal altındadır: "Etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətində qalmaqdadırlar və bu, 10 milyon əhalisi olan bir ölkədə adambaşı hesablamalara görə dünyada ən çox məcburi köçkün və qaçqınların olduğu bir ölkədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və bir çox digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.

Məhz bu kontekstdə mən BMT İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını 20 ildən çoxdur ki hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınların insan hüquqlarının bərpası və ədalətin aliliyinin təmin edilməsi üçün səmərəli tədbirlər və prinsipial mövqe nümayiş etdirməyə çağırıram".