:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Şikarov : Xocalı faciəsi təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir

Font


İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi yeddi il keçir. Bu hadisə 27 il əvvəl baş versə də, yaddaşlardan silinmir və heç zaman da silinməyəcək. Azərbaycan xalqı və onun dövləti Xocalı qətliamını heç vaxt unutmur və unutmayacaqdır.
Bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olub. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral - "Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.
Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələri ilə eyni səviyyədə durur. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalı faciəsinə gedən yolun başlanğıcı Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşıladılar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid oldular. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər.
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.
Bu gün Azərbaycanın Xocalı adlı bir şəhərindən əsər-əlamət yoxdur. Sağ qalan xocalılılar Azərbaycanın 48 şəhər və rayonunda 500-dən çox kənd və qəsəbəsində xüsusi evlərdə müvəqqəti məskunlaşıblar. Doğma yurdlarından didərgin düşmüş Xocalı sakinləri, o cümlədən Sumqayıtda məskunlaşmış 118 ailə dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Onlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa olunması ümidi ilə yaşayırlar.
Azərbaycanın haqlı mövqeyini bütün dünyaya nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” –deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Dünyanın ondan çox ölkəsinin parlamentləri, eləcə də ABŞ-ın iyirmidən artıq ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bakıda, respublikamızın bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın bir sıra ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Hər bir azərbaycanlı, xüsusən də Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir soydaşımız insanlığa qarşı cinayət hesab olunan Xocalı soyqırımı, eləcə də erməni faşistlərinin xalqımızın başına gətirdikləri digər vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandırmalıdır.