:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar-B Ə Y A N A T I

Font

Erməni millətçiləri hələ Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) mövcudluğu dövründə 1987-1988-ci illərdən etibarən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatizmin təşviqi və terrorizmin açıq dəstəklənməsi siyasətini yeritməyə başladılar. 

SSRİ-nin süqutundan dərhal sonra isə, yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor tətbiqi və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən beşdə biri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Sözügedən təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər o cümlədən, soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.

Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulmuşdur.

Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.