:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev: "Problemli kreditlərlə bağlı aparılan çox ciddi müzakirələr artıq yekunlaşmaq üzrədir".

Font

Problemli kreditlərlə bağlı bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır.

Bunu da Prezident iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır: "Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük".

İlham Əliyev əlavə edib ki, bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir: "Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".

Prezident bir məsələni də xüsusi qeyd edib ki, artıq bir neçə aydır ciddi sosial paket üzərində iş aparılır: "Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.

Yəni, bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütüm bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq".

Gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.

Bunu da İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq".

İlham Əliyev vurğulayıb ki, minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi:

"Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır".

Bu il 7 minə qədər məcburi köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək, şəhid ailələrinə isə 800 mənzil veriləcək.

Bunuda öz növbəsində Azərbaycan Prezidenti deyib.

Dövlət başçısı qeyd edib: "Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərmişdir ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir. Ancaq sonra dəqiqləşmə aparıldı. Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Bu yaxınlarda Əfqanıstan veteranlarının müavinəti də artdı - 220 manatdan 300 manata qalxmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik".

İlham Əliyev bildirib ki, məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək: "Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir".

Prezident vurğulayıb ki, şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilib: "Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir".